ABŞ-a köçən “Neftçi”nin sabiq futbolçusu: “Bu variant üzərində neçə vaxtı işləyirdim" - MÜSAHİBƏ

14:48 - 9 Yanvar 2024

Azərbaycanlı veteran futbolçu Nicat Qurbanov Sportal.az saytına müsahibə verib. “Neftçi”nin yetirməsi olan Qurbanov bir müddət əvvəl ailəsi ilə birlikdə ABŞ-a yollanıb. O, saytımıza müsahibəsində ştatlardakı məqsədlərindən söhbət açıb.

- Bir müddət əvvəl ABŞ-a köçdün. Hazırda hansı ştatda yaşayırsan və nə işlə məşğulsan?

Hazırda Pensilvaniya ştatındayam, Pittsburq şəhərindəyəm. Dostumlayam, 15 ildir ki, burada yaşayır. Onun yanına gəlmişəm. Burada uşaq futbolu ilə məşğul olacam. Hələ ki, bu yöndə işlər davam edir. Ola bilsin ki, yaxın müddətdə uşaq futbolunda yer alım. Planlar isə böyükdür. Ümid edirəm ki, planlarımı həyata keçirməyim mənə qismət olar.

- Maraqlıdır, ABŞ-a yollanmaq qərarını nə vaxt verdin və niyə ölkəni tərk etmək istədin?

- Ölkəni tərk etmək demək, bir az belə pis səslənir. Heç kimlə incikliyim yoxdur. Öz istəyimlə köçmüşəm. Azərbaycana da gedib-gələcəm. Çünki valideynlərim, bacı-qardaşım oradadır. Mütləq şəkildə gediş-gəliş olacaq. ABŞ-a köçmək fikri son 5-6 ildə məndə həmişə var idi. Planlaşdırırdım ki, bura köçüm. Hər zaman xaricdə yaşamaq fikrində olmuşam. Prioritet isə ABŞ idi. Futbolçu karyeramı bitirdikdən sonra bura gəlmək fikrindəydim. Dostum təklif elədi. Bu ilə qismət imiş. Hazırda buradayam, hər şey də yaxşıdır. Demək olar ki, bura öyrəşmişik. 

- Karyeranı bitirdikdən sonra FİF-də işləməyə başlamışdın. Azərbaycan futbolunda istədiyin yerdə idin, yoxsa məşqçi kimi çalışmağı planlaşdırırdın?

- Futbolçu karyeramı bitirdikən sonra qısa müddətdə məşqçi kimi C kateqoriyalı məşqçi aldım. Həm də FİF-də işə başladım. Orada bir il çalışsam da, sanki beş illik təcrübə yığdım. Öyrəndiyim çox şeylər oldu. Həm direktordan öyrəndim, həm də özüm gördüyüm şeylər var idi ki, futbolda tək meydança yox, meydandan kənar baş verən amillər də çox vacib rollar oynayır. İdarəetməni də öyrəndim. Bu, gələcəkdə harada olmağımdan asılı olmayaraq mənə böyük təcrübə qazandırdı. Ümidvaram ki, bundan sonra FİF-in də, mənim də işlərim yaxşı gedəcək.

- Maraqlıdır, niyə məşqçi kimi çalışıb, qalmaq istəmədin Azərbaycanda?

- Hansısa bir işə başlayıb, yarımçıq qoymaq istəmirdim. ABŞ variantı üzərində neçə il idi ki, işləyirdim. Ki, vaxtı gələn kimi gedəcəm. B kateqoriyasını da oxumaq istəyirdim. Qismət olar, kateqoriyamı burada artıraram.

- ABŞ-da hansısa komandalara müraciət etmisən? Ümumiyyətlə, ingilis dilini yaxşı danışa bilirsən?

- Məqdəsim futbolda olmaqdır. Ən yaxşı bacardığım futboldur. Neçə illər futbol oynamışam. ABŞ-da da uşaq futbolu ilə məşğul olacam. Bura gələnə qədər düşünürdüm ki, ingilis dilini yaxşı bilirəm. Amma buradayam və həmin fikrimdən vaz keçmişəm(gülür). Artıq ingilis kurslarına yazılmışam ki, bu dili daha yaxşı bilim və işlərimi rahat görmək istəyirəm.

- Az müddət olsa belə, maraqlıdır, kənardan futbolumuz necə görünür? 

- Futbolumuzdan qıraq qalmamışam, daim maraqlanıram, xəbərləri oxuyuram. Futbolumuzda hələ ki, dəyişən bir şey yoxdur. Deyirdilər ki, millinin baş məşqçisi yerli olacaq. Artıq yenidən xarici olacağı gözlənilir. 

- "Neftçi" sənin üçün doğma klubdur, oranın yetirməsisən. "Neftçi"dəki dəyişiklikləri necə şərh edərdin?

- “Neftçi”nin yetirməsi olaraq, bu gün və son bir neçə ildə oradakı vəziyyət...Hətta son çempion olduğu ildə də o qədər problemlər, o qədər söz-söhbətlər var idi ki. Əlbəttə, “Neftçi” iddialı, ən azından “Qarabağ”la eyni səviyyədə olmalıdır. Doğrudur, son 10 ildə bizi Avropada layiqincə, hətta artıqlaması ilə təmsil edir. “Neftçi” də ən azından o səviyyədə klub olmalıdır. Çünki “Neftçi” “flaqman”dır. Miodraq Bojoviç isə təcrübəlidir, uzun illər Rusiyada işləyib, uğurları var. Məncə, “Neftçi”yə yenilik gətirə bilər. Çempionluq mübarizəsinə gəlincə, indidən nəsə demək çətindir. Çünki hələ rəsmi matça çıxmayıblar. Yoxlama görüşündə “Ərzurumspor”a uduzublar, bu tip matçlarda belə nəticələr normaldır. Çempionat matçlarına baxdıqdan sonra fikir bildirmək və “Neftçi”nin bu ilki vəziyyəti ilə bağlı nəsə demək olar. “Qarabağ”la xal fərqi çoxdur. İnanmıram ki, onlar bu il çempionluğu əldən versin.

Mirbağırağa

Xəbər xətti