Murad Musayev: "Yenilərin çoxu hazır gəlmədi, bizdə özünəinam çatmır" - MÜSAHİBƏ

17:14 - 10 Yanvar 2024

Antalyada yəlim-məşq topanışı çərçivəsində ilk oyununda Rumıniya "Rapıd"ini 2:1 məğlub edən "Sabah"ın baş məşqçisi Murad Musayev müsahibə verib.

Sportal.az xəbər verir ki, rusiyalı mütəxəssis komandasının mövsümün ilk yarısındakı çıxışını dəyərləndirib. 

- Hazırlığı və ilk yoxlama oyununu necə dəyərləndirərdiniz? 

- Ümumilikdə hazırlığın indiki mərhələsi üçün bugünkü keyfiyyətdən, oyunun məzmunundan, futbolçuların əzmkarlığından razıyam. Bu, eyni zamanda məşqlərə aiddi. İlk həftə yetərincə yaxşı keçdi. Ümid edirəm ki, irəliyə daha bir addım ata biləcəyik. 

- Komandanız bu gün qələbə qazamasına baxmayaraq, ilk hissədə səhv etmirəmsə, "çərçivə"yə cəmi bir zərbə endirə bildi ki, bu da qolun qeydə alındığı an idi...

- Belə deməzdim. Rəqib qapısına doğru xeyli yaxşı hücumlarımız oldu. Hər halda, rəqib komanda da yüksək səviyyədədi. Gündə 2 dəfə məşq edirik. Ümumilikdə normaldı. 

- Müdafiədə fərdi səhvlər oldu, xüsusilə ikinci hissədə... 

- Səhvlər vardı, sizinlə razıyam. 60 dəqiqə rəqibin qol imkanı yox idi. Dayandığımız yerdə penalti oldu və rəqib qol vurdu. Amma indi səhvlər mümkündü. Təlim-məşq toplanışıdı, hamıya ağırdı. Əlbəttə, səhvlərdən qaçmaq istərdik. Ən əsası, bu gün qələbə qazandıq. 

- Fasilədən sonra ilk turda qarşılaşacağınız "Neftçi"ni izləmisiniz? 

- İndi daha çox öz oyunumuza aksent yönəltmişik. Onlar gələndən 2 gün sonra yoxlama matçı keçirdilər. Bu, az informasiyalı matç olacaq. "Neftçi"ni yaxşı tanıyırıq və daha çox məlumatı son yoxlama matçlarında alacağıq. 

- Aleksey İsayevin gedişini necə şərh edərdiniz? Hansı ki komandanın lideri idi...

- Bəli, Aleksey lider idi. Amma bu, futboldu. Kimsə gedir, kimsə gəlir. Ona "Sabah"da keçirdiyi illərə görə minnətdarıq. Birlikdə yaxşı nəticələr əldə etdik - həm biz klub olaraq, həm də futbolçu fərdi şəkildə. İsayevə "Qarabağ"da uğurlar arzulayırıq. 

-  Həm turnir cədvəlinə, həm də İsayevin gedişinə baxanda, "Sabah" keçən mövsümkü nəticəsini təkrarlaya biləcəkmi? Buna komandanın potensialı var?

- Artıq təkrarlaya bilmərik. Çünki indi keçən mövsündən daha çox məğlubiyyət almışıq. 

- Keçən mövsüm qazandığınız gümüş medalı nəzərdə tuturam...

- Buna çalışacağıq. Çempionatın əvvəlində çoxlu xal itkisinə yol verdik. İndi qarşımıza uzaqyönlü plan qoya bilmərik. Hazırda əsas məsələ növbəti matça konsentrasiyadı. Növbəti oyun ən vacibidi. Keyfiyyəti yaxşılaşdıra, nəticəni qazana bilsək, oyundan-oyuna gedəcəyik. Şans var, lakin ən başlıcası öz oyununu daha da yaxşılaşdırmaq, öz mentalını dəyişdirməkdi.

- Sizcə, "Sabah"da keçən mövsümlə müqayisədə nə dəyişdi? Belə götürəndə, yaxşı oynayırsınız, amma həminki nəticə deyil... 

- Yəqin ki, bu, daha çox psixologiya, komandadaxili vəziyyətlə bağlıdı. Çoxlu yeni futbolçu gəldi, liderlər getdi. Hansılar ki, təkcə qol vurmurdu, məhsuldar ötürmə vermirdi, onların çoxu paltardəyişmə otağında lider idilər. İndi də yeni komanda qurulur. Daxildə - həm biz məşqçilər, həm də futbolçular yeni liderlər axtarırıq. Hansılar ki gedən futbolçuların funksiyalarını öz üzərlərinə götürsünlər. Buna görə proses bir az uzandı. Yenilərin çoxu hazır gəlmədi, bizdə özünəinam və xal çatmır. Haqlısınız, nəticəylə bağlı. Yaxşı epizodlarımız, yaxşı matçlarımız var. Bunları sabitləşdirmək lazımdı. Bu komandanın yaxşı potensialı var. Futbolçular fərdi şəkildə yaxşı keyfiyyətə malikdi. Bunları cəmləşdirə bilsək, çoxlu qələbəmiz olacaq.

(Sport24.az)

Xəbər xətti