Cəmi yarım mövsüm işləməsi bəs etdi ki, Mutunun "Neftçi"nin arzularını gerçəkləşdirəcək adam olmadığı aydınlaşsın. Yaxşı futbolçu olub, buna söz yox! Amma çətin ki, nə vaxtsa yaxşı məşqçi olsun. Belə görünür ki, adına görə hərdənbir işləməyə yer tapıb baş girləyəcək məşqçilik işində.
Mutu hələ Bakıya ayaq basmamış Rumıniyada yaşayan jurnalist həmkarımız Abbas Zahidi sosial şəbəkədə onun "Neftçi"də uğurlu ola bilməyəcəyini yazmışdı. Abbas bəy onun işinə Rumıniya futbolundan bələd olduğu üçün Mutunun "Neftçi" perspektivlərinə dəqiq diaqnoz qoya bilmişdi.
"Neftçi"dəki uğursuz fəaliyyətindən sonra vətəninə qayıdan gənc mütəxəssis Rumıniya mətbuatına müsahibəsində Azərbaycandakı işinə də toxunub. "Neftçi"ni 3-cü pilləyə qaldırdığını, 2-ci pillədən də cəmi 1 xal geri qaldığını sanki şəstlə vurğulayıb. Yolüstü "Sabah"a da söz atıb - "8-ci yerdə gedən komandadır". Atalar yaxşı deyib, "kor kora kor deməsə bağrı çatlayar". "Rapid"in "Sabah"a məğlubiyyətinə münasibət bildirən Mutu fərqli fikirlər deyə bilərdi. Məsələn, "Sabah"ın ölkənin ən güclü klublarından olması, "qara zolağa" düşməsini vurğulamaq olardı. Amma Mutu autsayder kimi qələmə verib Murad Musayevin yetirmələrini. Hərçənd, "Sabah" 8-ci yerdə olsa da, ən azından "Neftçi"dən daha baxımlı futbol sərgiləyib qışa qədər.
Söhbət "Qarabağ"a çatanda Mutunu "ağlamaq" tutub. Qurban Qurbanovun komandasını bir ifadəylə təsvir edib - "Şou göstərirlər".
Azərbaycana gələndə hədəfinin çempionluq və kubok olduğunu deyən Mutu çox tez başa düşdü ki, bu "Qarabağ"ı taxtdan salmaq onun bacaracağı iş deyil. Məsələ burasındadır ki, "Qarabağ" bu səviyyəyə bir neçə ayın içində gəlib çatmayıb, Mutunun təbirincə desək, illərdi şou göstərirlər. Rumın məşqçi Azərbaycana gələndə "Qarabağ"ı araşdırmamışdı? Ya kənardan döyüş ona asan görünmüşdü, ya da Azərbaycan çempionatını ciddiyə almadan çempionluqdan danışmışdı.
Həmid
P.S. Əsl şounu yaradan elə Mutu özü olub. Elə bir tamaşa qurub ki, "Neftçi"nin bahalı və uğursuz transferlərdən necə qurtulacağına tamaşa etmək qalıb bizə.
saytlarin hazirlanmasi