"Qarabağ" mövsümün ikinci yarısının hazırlığını davam etdirir.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 5-də qış toplanışına start verən Ağdam təmsilçisi məşqlərini Bakıda gerçəkləşdirir.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv bu gün ilk yoxlama oyununu keçirib. Premyer Liqanın lideri “Qarabağ-2” ilə üz-üzə gəlib.
Məhsuldar keçən qarşılaşmada 9 qol vurulub. 7:2 hesablı qələbə qazanan “Qarabağ”ın heyətində Leandro Andrade, Olavio Juninyo və Abdullah Zubir birinci hissədə fərqləniblər. Fasilədən sonra Nəriman Axundzadə və Hamidu Keyta dubl müəllifi olublar. Əvəzedicilərin qollarına Musa Musazadə və Nurlan Şabanov imza atıblar.
Qeyd edək ki, “Qarabağ” yanvarın 15-də “Zirə” ilə yoxlama oyunu keçirəcək.
“Qarabağ” – “Qarabağ-2” 7:2
Qollar: Leandro Andrade, Olavio Juninyo, Abdullah Zubir, Nəriman Axundzadə (2), Hamidu Keyta (2) // Musa Musazadə, Nurlan Şabanov