"Heyətimiz düzəlsə, fikirləşdiyimiz legionerlər də gəlsə, dördüncü yer uğrunda oynamağa çalışacağıq" - MÜSAHİBƏ

22:30 - 12 Yanvar 2024

"Səbail"in baş məşqçisi Şahin Diniyev Antalya toplanışı çərçivəsində "Universitetya Kluj"la (0:0) görüşdən sonra jurnalistlərə müsahibə verib.

Sportal.az həmin müsahibəni təqdim edir:

- Hərəsi 35 dəqiqə olmaqla iki hissəli oyun olmasını istəyirdiz, amma rəqib razı olmadı. Bu haqda nə deyə bilərsiniz?

- Rəqibi başa düşmək olar. Çünki onların sonuncu yoxlama oyunu idi. Amma biz ilk matçımızı keçirirdik. Bizim oyunçu kasadlığımız var. Təlim-məşq toplanışının 7-ci günündə, gündə iki dəfə məşq etdiyimiz bir dönəmdə 90 dəqiqə oynamağı cinayət satıram. Amma məcbur idik. Futbolçularım xarakter göstərdilər və əzmkar oynayaraq 90 dəqiqə meydanda qaldılar.

- Əzmkarlıq göstərsələr də, burada zədə riski var idi...

- Bizim başqa çıxış yolumuz yox idi. Bir oyunçu meydanın kənarına gəlirdi, 10 dəqiqədən sonra yenidən meydana çıxırdı. Kənarda sadəcə iki futbolçu qalmışdı. Nəyisə dəyişmək çox çətindir.

- Səlahət Ağayevin durumu nə yerdədir?

- Məncə, sabaha düzələcək. Yəqin ki, qarşıdakı matçda da ona şans verəcəyik. Amma Hüseynəli də bu gün qapıda rəqabətin olduğunu göstərdi.

- Ümumi oyun haqda fikriniz necədir?

- Funksional hazırlıqla bağlı təlim-məşq toplanışıdır. Ona görə ən çox buna fikir verirdim. Komanda savadlı oynayırdı ki, bu da məni sevindirir. 

- Zədəlilərdən çempionatın startına qədər kimlər hazır olacaq?

- Çox təəssüf ki, Cabir Əmirli olmayacaq, fevralda qayıdacaq. Tam hazır deyil. Ancaq Yadin Luqasi, Nir Bardea və Pana sabahdan məşqlərə qoşulacaqlar. Səlahət Ağayev də həmçinin.

- Amma digər zədəliləriniz də var. Mövsümün ilk yarısını uğurlu keçirən "Səbail" bunun acısını çəkməyəcək?

- Ağır sualdır. 12-ci turda "Turan Tovuz"la oyundan sonra bütün bəlalarımız başladı. Ardıcıl zədəlilərimiz oldu. Birdən-birə nə qədər zədəlimiz oldu. 12-ci turdan 17-ci tura qədər əziyyət çəkdik. 5-6 turda itirdiklərimiz çox oldu. Açıq deyim ki, qış transfer dövründə layiqli oyunçu tapmaq. Transfer xətrinə də oyunçu gətirmək istəmirik. Futbolçularıma inanıram. Yanvarın 22-dən fevralın 22-nə qədər 8 matçımız var. Üç gündən bir bu oyunları "darta" biləcəyik? Bu, böyük sualdır.

- Transfer danışıqları gedir?

- Bəli, gedir. Hər gün gərgin iş rejimində işləyirik. Axşamdan səhərə qədər işlər davam edir. Düşünürük ki, əməyimiz yerdə qalmayacaq.

- Görünən budur ki, Antalyadakı düşərgənizə yeni futbolçu gəlməyəcək...

- Cüzi şansımız var. Ondan da maksimum istifadə edəcəyik. Ola bilsin ki, gəldi. Bəli, sırf legioner. Yerli oyunçu tapmaq çətindir. Bizim ən böyük problemlərimiz vingerdir. O mövqeni doldurmağa çalışacağıq.

- Fasilədən sonra ilk oyununuz "Zirə"yə qarşıdır. Onları izləyirsiz?

- "Araz-Naxçıvan"la yoxlama görüşünə baxdım. Aşağı-yuxarı hamımız eyniyik. 15 gün ərzində komanda köklü dəyişə bilməz. Yeni oyunçular da yoxdur ki, nəyisə dəyişsin. "Zirə" və "Səbail"də eyni vəziyyətdir. Toplanış onlara da , bizə də kömək ola bilər.

- Qarşınıza avrokuboklar hədəfi qoyulmamışdı. İndi isə heç də uzaqda deyilsiz...

- Bir qələbə bizi ikinci yerdən uzaqlaşdırdı. 18 turdan sonra tam heyətimiz düzələrsə, fikirləşdiyimiz legionerlər də gələrsə, dördüncü yer uğrunda oynamağa çalışacağıq.

Elçin Əlixan, Antalya

Xəbər xətti