Karyerası enişə gedənlər - biri "Sabah"da, o biri "Zirə"də

15:31 - 13 Yanvar 2024

"Şamaxı" ötən mövsüm Premyer Liqada yerini qoruya bilməsə də, bəzi gənc futbolçuların üzə çıxması baxımından xeyirli iş qoya bildi ortaya. Xüsusən də, Rəhman Daşdəmirovla Fuad Bayramov adından söz etdirən oyunçular oldu. 

Təəssüf ki, bu mövsüm hər ikisi kölgədədir. Fuad Bayramov "Zirə"də zaman-zaman oynamaq şansı qazansa da, Rəhman Daşdəmirov "Sabah"da dərin ehtiyatda vaxt keçirməklə məşğuldur. 

Biri artıq 25, o birisi isə 26 yaşa qədəm qoyub. Nə cavan kimi cavan, nə də yaşlı kimi yaşlıdılar. İkisinin də oynayan vaxtlarıdır. Amma heç biri oynamır. 

Çünki ikisi də pulu seçdi! Hamımız pul qazanmaq üçün işləyirik, dolanışıq üçün çalışırıq. Bir vətəndaşın daha çox pul qazanmaq istəyi qəbahət yox, zərurətdir. Amma söhbət idmançıdan gedirsə, daha vacib olan onun karyera yüksəlişidir. Əks halda, yerində sayaraq 3-5 manat qazanacaq, karyera isə ya enişə gedəcək, ya da ümumiyyətlə bitəcək. 

İkisi də səhv seçim etdilər. Rəhman "Sabah" kimi geniş və səviyyəli heyəti olan komandaya gedəndə bilirdi ki, oynamaq şansı çox olmayacaq. Kluba nə var ki, heyətdə səviyyəsi komandaya uyğun gələn nə qədər çox futbolçu olsa, məşqçi üçün bir o qədər yaxşı, seçim imkanı geniş olacaq. Olan Rəhmana oldu. Ötən mövsüm oyunuyla milli komandamıza namizəd göstərilən Daşdəmirov indi yalnış seçiminə görə "başını daşa döyməlidir".

Fuad Bayramova gəlincə, Rəhmanla müqayisədə onun "Zirə"də oynamaq imkanı daha çox olur. Lakin o da qəsəbə klubuna gedəndə bilirdi ki, rəqabət güclüdür. Onun yer aldığı müdafiənin sol cinahında təcrübəli Məqsəd İsayev, İssa Cibrila kimi futbolçular var. Ötən mövsüm oyunuyla özünü futbol ictimaiyyətinə bəyəndirən Bayramovdan bu il danışan yoxdur. 

Ümid edək ki, bu mövsüm hər ikisinin karyerasında qısaqapanma effekti olacaq və gələn mövsüm hər ikisini meydanlarda daha çox, daha baxımlı futbolla izləyəcəyik. Yetər ki, başlarına gələn hər ikisinə dərs olsun, hər ikisi seçim edərkən daha dərindən düşünüb qərar versin. 

Həmid

Xəbər xətti