"Məndən öncəki məşqçi nələrsə etməyə çalışıb, yarımçıq qalmış işləri davam etdiririk" - MÜSAHİBƏ

23:00 - 13 Yanvar 2024

"Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç Sportal.az saytına müsahibə verib.

Monteneqrolu mütəxəssis Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı çərçivəsində "Valdhof"a(0:3) qarşı keçirilmiş matçdan sonra komandasının hazırkı durumundan danışıb.

- Artıq 10 gündür komanda ilə birlikdəsiz. Hazırda sizi narahat edən nədir?

- Hər şeydən əvvəl oyun quruculuğunda problem var. Bu, məni narahat edir. Bilirəm ki, "Neftçi" azarkeşləri gözəl və aqressiv futbol görmək istəyirlər. Ümid edirəm ki, komanda mənim istədiyim futbolu oynayacaq və azarkeşlərin xoşuna gələcək. Bilirəm ki, "Neftçi"yə ancaq qələbə lazımdır. 

- "Neftçi"də işinizə sıfırdan başlayırsız?

- Sıfırdan başladığımı deməzdim. "Neftçi"nin yaxşı və təcrübəli futbolçuları var. Məndən öncəki məşqçi nələrsə etməyə çalışıb. Biz isə yarımçıq qalmış işləri davam etdiririk.

- "Dinamo", "Lokomotiv" kimi böyük klublarda çalışmısız. "Neftçi" həmin klublardan nədə öndədir və ya geridədir?

- Yəqin ki, azarkeşlərinə görə üstündür. Çünki, "Neftçi" xalq komandasıdır və Azərbaycanda daha çox insanlar "Neftçi" azarkeşidir. İnfrastruktura görə əlbəttə ki, geridə geridə qalırıq. Amma təşkilati işlər baxımından heç bir fərq görmürəm.

- Artıq futbolçuları tanıyırsız. Əlinizdə olan heyətlə qarşıya qoyulan hədəflərə çatmaq nə dərəcədə realdır?

- Artıq danışmışıq ki, komandaya əlavə güc lazımdır. Yeni oyunçular gəlməlidir. Ən azı iki transfer olmalıdır.

- Hücumçular?

- Bəli. Sırf bu mövsümdən danışıram. Hamımız ümidvarıq ki, hədəflərə çatacağıq. Bundan sonra artıq başqa hədəflərimiz olacaq. Avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanmağa çalışacağıq. İşləmək və komanda qurmaq lazımdır. İndiki hədəflər bu mövsüm üçündür. Mövsümün sonunda isə hədəflər dəyişəcək. Çünki, biz Avropaya çıxacağıq.

- Azərbaycan Premyer Liqasında iştirak edən komandaları izləmisiz?

- Əlbəttə. İndi ən çox "Sabah"la tanış oluram. Çünki, çempionatda ilk oyunumuz onlara qarşı olacaq. Hələ vaxtım var. Oyunçuların adları və soyadları mənə bir az çətin gəlir. Amma oyuna qədər hər şeyi biləcəm. "Sabah" Konfrans Liqasının təsnifat mərhələsində "Partizan"a qarşı keçirdiyi matça baxmışam. Onlar məni yaxşı mənada təəccübləndirdilər. Düşünürəm ki, "Partizan"a məğlub olmağa layiq deyildilər. "Sabah" rəqibdən çox güclü idi.

- "Partizan"la oyunu canlı izləmisiz?

- Xeyr, televiziyadan izlədim. Mən "Srvena Zvezda"nın baş məşqçisi olmuşam. "Partizan"ın stadionuna gedə bilmərəm. Çox istərdim ki, oyuna canlı baxım. Amma vəziyyəti bilirsiz. Murad Musayevi Rusiyadan tanıyıram. Ona görə oyunlarını izlədim.

- "Neftçi" transfer məsələsində gecikir. Bu, sizi narahat edir?

- Bəli, bu, məni narahat edir. Amma bilməliyik ki, hazırda keyfiyyətli azad agent statusunda olan oyunçular tapmaq çox çətindir. Qış transfer pəncərəsinin çətinliyi bundan ibarətdir. Ona görə də nəyə görə gecikdiyimizlə bağlı cavab verə bilmirəm.

- Konkret olaraq danışıq apardığınız futbolçular var?

- Əlbəttə var.

- Yerli futbolçu transferi üzərində çalışırsız?

- Bəli. Bununla bağlı da iş gedir.

- Hazırda komandada 24 futbolçu var. Yeni transferlər edəndən sonra komandada neçə nəfər qalacaq?

- Biz transfer etmədən heç kimi sata bilmərik. Vəziyyətə baxıb qərar verərik. Komandadan kimin gedəcəyi ilə bağlı ad çəkmək düzgün deyil.

Elçin Əlixan, Antalya

Xəbər xətti