"Qəbələ"nin legioneri: "Hələ ki, 100 faiz hazır deyiləm" - MÜSAHİBƏ

11:18 - 14 Yanvar 2024

Ötən mövsümün sonlarında zədələndiyi üçün əməliyyat edilən və bu mövsümün ilk yarısını buraxmaq məcburiyyətində qalan "Qəbələ"nin legioneri Fares Abu Akel artıq komanda ilə məşqlərə başlayıb. Sportal.az saytına müsahibə verən israilli yarımmüdafiəçi qış fasiləsindən sonra komandasına kömək olacağına inandığını bildirib.

- "Qəbələ"nin Qəbələdəki məşqləri necə gedir? Hər şey sizi razı salır? Deyəsən, Qəbələdə hava çox soyuqdur. Bu sizə mane olur?

- Şadam ki, komandaya qoşuldum, məşqlərə başladım. Artıq kollektivlə birlikdəyəm, mövsümün ikinci yarısına hazırlaşıram.

- Zədəli olduğun üçün mövsümün ilk yarısında meydana çıxa bilmədin. Artıq məşqlərə qoşulmusan. Özünü necə hiss edirsən, tam sağalmısan? Yəqin ki, futboldan çox darıxmısan?

- Şükür Allaha, artıq komandanın düşərgəsindəyəm, məşqlərimi davam etdirirəm. Amma düzünü deyim, hələ ki, 100 faiz hazır deyiləm. Lakin yaxın vaxtlarda tam hazır olacam. Əlbəttə ki, futbol oynamaq üçün darıxmışam.

- Yenidən "Qəbələ"də əsas heyətdə yerinə qayıda biləcəksən? Hazırkı fiziki forman sənə imkan verir ki, start heyəti uğrunda mübarizə aparasan?

- Dediyim kimi, hələ məşqlərimi edirəm. Amma əminəm ki, hazır olduğum vaxt əsas heyətdəki yer üçün rəqabət apara biləcəm. Sadəcə bir az zamana ehtiyac var. Hər şey qaydasına düşəcək. 

- Bir müddət İsraildə qalmalı oldun. Oradakı vəziyyət necədir? Ailənin durumu yaxşıdır? 

- Doğrudur, zədəli olan vaxtı orada idim. Şükür Allaha ailəmin durumu yaxşıdır. Hər gün danışıram, özlərini yaxşı hiss edirlər. 

- "Qəbələ" hazırda Premyer Liqada sonuncu pillədə qərarlaşıb. Səncə, niyə belə oldu? Necə fikirləşirsən, qışdan sonra turnir cədvəlində yuxarı pillələrə qalxa biləcəksiz?

- Təəssüf ki, sonuncu pillədə yer almışıq. Ancaq qış hazırlıq dönəmində çox işləyirik. Səhər və axşam məşqlərimiz olur. Əminəm ki, mövsümün qalan hissəsində daha yaxşı komanda olacağıq. Komandanın uğurlu çıxış edəcəyinə inanıram.

Mirbağırağa

Xəbər xətti