Sabiq legioneri "Neftçi" üçün Türkiyəyə uçdu: "Onlara dəstək olmaq üçün bunu etdim"

14:18 - 15 Yanvar 2024

"Neftçi"nin sabiq forvardı Branimir Subaşiç Türkiyənin Antalya şəhərinə yollanıb. Veteran futbolçu "ağ-qaralar"ın düşərgəsini ziyarət edib.

Komandanın baş məşqçisi Miodraq Bojoviç və futbolçularla da görüşən Subaşiç onlara uğurlar arzulayıb. Sportal.az saytına açıqlama verən Subaşiç gördükləri haqda bunları deyib:

"Bəli, bir neçə gün əvvəl Türkiyədə oldum. Ora yalnız "Neftçi"yə dəstək olmaq üçün yollanmışdım. Başqa işim yox idi. "Neftçi" mənim üçün doğma klubdur. Bu klubla bağlı, oradakı karyeramda çox gözəl anlarım var. İmkan var idi, mən də onları ziyarət etdim. Məşqçilərlə, futbolçularla, rəhbərliklə görüşdüm. Hamıya uğurlar arzuladım. Təbii ki, Miodraq Bojoviçə zaman lazımdır. Yeni transferlərin lazım olub-olmadığını isə məşqçilər korpusu və rəhbərlik bilər. İşlər davam edir. Bojoviç yaxşı məşqçidir. Ümidvaram ki, "Neftçi"də hər şey qaydasına düşəcək".

Mirbağırağa
 

Xəbər xətti