"Mioveni"nin sahibi əvvəlcə Samir Abasovun gəlməsinə razılıq verdi, sonra dostunu gətirdi"

14:49 - 15 Yanvar 2024

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov üç gün öncə futbolpress.az saytına müsahibəsində bildirmişdi ki, ötən mövsüm Rumıniyanın "Mioveni" klubuna baş məşqçi təyin edilə bilərmiş. Onun dediyinə görə, bu məsələ vaxtı ilə ölkəmizdə müxtəlif klublarda oynamış Adrian Skarlatakenin vasitəçiliyi sayəsində alınacaqmış, amma sonda klub baş məşqçi seçimini başqasından yana edib. 

Məsələ haqda Skarlatake Sportal.az saytına açıqlamasında məsələ haqda danışıb. Hazırda “Argeş”də kapitan sarğısı daşıyan təcrübəli futbolçu həmin anları belə xatırlayıb:

"Bəli, Samir Abasovun dedikləri doğrudur. Ötən il ona "Mioveni"ni çalışdırmağı mən təklif etmişdim. Həmin vaxtı komanda Superliqada idi və klub Samir Abasovla müqavilə imzalamağa yaxın idi. Klub prezidenti onu bəyənirdi və ona rəsmi müqavilə göndərəcəkdi. Lakin klubun sahibi öncə razılıq verdi. Amma sonradan isə onun rumıniyalı məşqçi dostlarından birini posta gətirdi. Böyük şanssızlıq idi”.

“Xəzər Lənkəran”, “Zirə”, “Keşlə”(indiki “Şamaxı”) klublarında oynamış Adrian Samir Abasovu gec-tez Rumıniya klublarından birinə keçidinin reallaşmasına çalışacağını deyib:

"Samir Abasov Rumıniya liqasında işləyəcək gücdədir. Mən onunla işləmişəm. Mənə görə çox yaxşı məşqçidir və asanlıqla Superliqada çalışardı. Bəlkə də, gələcəkdə Samir Abasovu Rumıniyada işləyər. Əgər ona kömək edə bilsəm, bunu asanlıqla edəcəm. Çünki ona söz vermişəm. Azərbaycanda çox yaxşı məşqçilər var ki, ölkə xaricində də çalışmaq iqtidarındadır. İnandırım sizi, azərbaycanlı məşqçilər Avropada uğurlar qazana bilər. Onlar çox yaxşıdırlar".

Mirbağırağa
 

Xəbər xətti