Sabiq "Xəzər Lənkəran"lı: "Kəpəz"dən icarəyə yollanmağım baş məşqçinin təklifi idi"

15:34 - 16 Yanvar 2024

"Kəpəz"in futbolçusu, "İmişli"yə icarəyə verilmiş Elnur Cəfərov Sportal.az saytına açıqlama verib.

O, Gəncə klubundan icarəyə göndərilməsi barədə danışarkən, yenidən Birinci Liqada oynayacağı haqda bunları deyib:

"Adil Şükürovla söhbətimiz oldu, icarəyə yollanmağım onun təklifi idi. Mənə daha az şans tanıyacağını dedi, amma daha çox oynayıb, formada qalmağımı da istədiyini söylədi. Bütün məşqçilərin qərarına hörmətlə yanaşıram. Adil müəllimin də, həmçinin. Düzünü desəm, "Kəpəz"dən getmək istəmirdim. İsrar da etdim, çünki neçə turdur buradayam, birinci diviziondan Premyer Liqaya qalxmışam, 2,5 il divizionda oynamışam, əziyyət çəkmişəm. Düzdü, əziyyətimin bəhrəsini də gördüm. Premyer Liqadakı 18 turun 12-ni əsas heyətdə oynamışam, oyun praktikam düzəlib. Adil müəllimə komandaya xeyir verəcəyimə inandığımı da bildirdim. O, rəhbərliklə danışıb qərarını verəcəyini söylədi. Əvəzedici heyətlə məşqlərə qoşulmağı təklif etdilər. Onda qərarımı verdim ki, elə "İmişli"yə yollanım. Çünki əvəzedicilərdə cavan uşaqlar çıxış edir. "İmişli" isə Premyer Liqaya çıxmaq istəyən komandadır. Seçimim də bu komandadan yana oldu. Ümidvaram ki, bu kollektivə xeyir verəcəm".

26 yaşlı futbolçu “Xəzər Lənkəran”ın yetirməsidir. O, bu klubla yanaşı, “Tondela”, “Duqopolye”, “Neftçi”, “Keşlə”(indiki “Şamaxı”), “Sumqayıt”, “Qaradağ-Lökbatan” komandalarında oynayıb. Onun "Kəpəz"lə müqaviləsi mövsümün sonuna qədərdir.

Mirbağırağa

Xəbər xətti