"Sabah"ın futbolçusu Sofian Çakla Sportal.az saytına müsahibə verib. Masazır klubunun müdafiəçisi komandasının Türkiyədəki hazırlığından bəhs edib.
- "Sabah" Türkiyədəki son yoxlama matçında “Vorskla”ya uduzdu. Matç sizin üçün necə keçdi? Yoxlama matçlarında hesab vacib olmasa belə, məğlubiyyət sizi narahat edir?
- Bəli, qeyd etdiyiniz kimi yoxlama oyunlarında nəticə o qədər də vacib deyil. “Vorskla” güclü rəqib idi. Bu komanda ilə oyunda səhvlərimizi görüb, bunlardan nəticə çıxarmağımız baxımından kifayət qədər faydalı oldu.
- Qış hazırlığında hər şey sizi razı saldı yoxsa, narazı salan məqam var idi?
- Təlim-məşq toplanışı çox yüksək əhval-ruhiyyədə, müsbət atmosferdə və yaxşı şəraitdə keçdi. Artıq Antalya hazırlığımız başa çatdı. İndi hamımız çempionatın ikinci yarısında ilk matçımıza köklənmişik.
- "Sabah" ilk yoxlama matçında Rumıniyanın “Rapid”(Buxarest) klubuna qalib gəlməyi bacardı. Həmim görüşlə “Vorskla”ya qarşı keçirdiyiniz matç arasında hansı fərq var idi?
- Hər oyun fərqli olur. “Rapid” və “Vorskla” da fərqli rəqiblər idi. İlk oyunda qarşılaşdığımız “Rapid”in də yaxşı komanda olduğunu deyə bilərəm. Sadəcə, “Rapid”lə görüşdə bu matçda olduğundan daha yaxşı oynamışdıq.
- Komanda Premyer Liqanın ikinci hissəsinə neçə faiz hazırdır? Səncə, daha çox hansı detallar üzərində işləməliydiz?
- Yaxşı hazırlıq keçdik. Bu baxımdan məncə hər kəs çempionatın ikinci yarısına hazırdır. Lakin bundan əlavə, pxisoloji olaraq da özümüzü qarşıdakı matçlara maksimum kökləməli və yalnız qalibiyyətə motivasiya olmalıyıq.
- Aleksey İsayevin gedişi “Sabah”a nə dərəcədə təsir edəcək? Səncə, onsuz çətinlik çəkəcəksiz?
- Alekseyə yeni klubunda, gələcək karyerasında uğurlar arzu edirəm. Amma fikrimcə, komandada kifayət qədər bacarıqlı futbolçular var. Və onu əvəz edəcək oyunçunun yaxşı işlər görəcəyinə inanıram.
- Ötən mövsüm gümüş mükafatın sahibi olan “Sabah” bu mövsüm turnir cədvəlində aşağı pillələrdədir. Bunun səbəbini nədə görürsən? Səncə, komandanız 7-ci pillədən yuxarı pillələrə qalxa biləcək?
- Keçmiş artıq geridə qalıb. Keçmişlə yaşaya bilmərik. Hər günün öz hökmü var. Sadəcə, onu deyə bilərəm ki, hazırda qərarlaşdığımız mövqedən asılı olmayaraq, qarşıya qoyduğumuz hədəfə çatmaq üçün əlimizdən gələni edəcəyik.
- "Sabah" bir həftədən sonra “Neftçi” ilə qarşılaşacaq. Yəqin ki, qələbə üçün oynayacaqsız? Neftçi də sizin kimi Antalyada toplanışdadır. Heç onların çıxışını izləmişdin?
- Fikrimcə, azarkeşlər maraqlı oyunun şahidi olacaqlar. “Neftçi” ilə oyunda meydana yalnız qələbə üçün çıxacağıq.
Mirbağırağa
saytlarin hazirlanmasi