"Millimizə təyin edilən əcnəbi baş məşqçilər nəticəyə görə məsuliyyət də daşımaq istəmirlər"

17:34 - 18 Yanvar 2024

Azərbaycan milli komandasının sabiq baş məşqçisi İqor Ponomaryov Sportal.az saytına açıqlama verib.

O, AFFA-nın milliyə namizəd göstərdiyi Qurban Berdıyev, Milan Obradoviç, Ertuğrul Sağlamdan hansının yığmamıza kömək edə biləcəyi haqda sualı cavablandırıb. Ponomoryov milli komandamıza yerli baş məşqçinin təyin edilməsinin tərəfdarı olduğunu deyib:

"Əcnəbi məşqçi ilə bağlı fikrimi bilirsiniz. 20 il əvvəl düşünürdüm ki, xaricdən məşhur məşqçiyə dəvət göndərməklə futbolu inkişaf etdiririk, həm də, ölkəni reklam edirik. Bəs bayrağımız əcnəbi məşqçinin rəhbərliyi altında neçə dəfə yüksəlib, zəhmət olmasa futbolda nələri inkişaf etdirmişik, deyə bilərsiz? Neçə dəfə əcnəbi məşqçilərdən millimiz haqda “mən bu komanda ilə daha nə edə bilərəm?” sözlərini eşitmişik? Onlar nəticəyə görə məsuliyyət daşımaq da istəmirlər".

Azərbaycan futbolunun veteranı uşaq futbolundakı problemlərdən də bəhs edib: "Əcnəbilərə sərf olunan və xərclənəcək pullar daha yaxşı infrastruktura, daha çox stadionlar, bazalar tikməyə sərf edilsin - uşaqlarımıza inkişaf imkanı yaradılsın. Baxın, bu gün uşaq futbolunda nə baş verir, futbol meydançaları çox azdır, həmin meydançaların da vəziyyəti nə durumdadır. Uşaqlar diz bağlarından zədələnirlər, minisk olurlar. Niyə bu barədə danışmırıq?  Əgər biz infrastruktur qursaydıq, bu məsələdə problem olmazdı, o zaman xarici mütəxəssis dəvət edə bilərdik. Beləliklə, o qədər düzəltməli olduğumuz məqamlar var. Amma kiməsə külli miqdarda pul ödəyirik və Azərbaycan bayrağı tsikl ərzində cəmi bir dəfə yüksəyə qalxır. Məncə, xarici mütəxəssisə yox, həmin pulu uşaq-gənclər futboluna, infrastruktura yönəltmək lazımdır. Ona görə də mən yerli məşqçinin tərəfdarıyam".

Mirbağırağa

Xəbər xətti