"Yeni stadionumuzda “Neftçi”yə qarşı keçirəcəyimiz oyunu səbirsizliklə gözləyirik" - MÜSAHİBƏ

19:23 - 19 Yanvar 2024

"Sumqayıt"ın müdafiəçisi Elvin Bədəlov Sportal.az saytına müsahibə verib.

- "Sumqayıt"ın Türkiyə toplanışı necə alındı? Bəzi klublardan fərqli olaraq hazırlığı Türkiyədə keçdiz. Bu, digər klublarla müqayisədə, sizə hansısa üstünlük qazandırdı səncə?

- Məncə, yaxşı toplanış keçdik. Maksimum çalışdıq ki, çempionata hazır olaq. Antalyada toplanış keçməyimiz faydalı oldu. Fərqli rəqiblərlə yoxlama görüşü keçirdik. İnanıram ki, bunun bizə xeyri dəyəcək.

- "Sumqayıt" ilk görüşündə "Hermanşdat"a uduzdu (0:3), ikinci matçda isə "Soqdiana"ya 3:1 qalib gəldi. Səncə, hansı matçda komanda daha yaxşı, daha effektiv oynadı?

- İlk oyunda çox yorğun idik, yüklənmə fonunda oynayırdıq. Demək olar ki, ayın 3-dən bu matça qədər yüklənmə altındaydıq. Ona görə də, çox çətin matç idi. İkinci görüş isə nisbətən yüngül alındı. Fərqi hesabda da görə bilərik. İnanıram ki, hər iki oyun bizim üçün faydalı oldu. 

- "Sumqayıt"ı mövsümün ikinci yarısına nə qədər hazır hesab edirsən?

- Mümkün qədər hazırlıq keçdik. Əlbəttə, inanıram ki, çempionatda keçirəcəyimiz 2-3 matçdan sonra tam formada olacağıq.

- Maraqlıdır ki, bir çox futbolçumuz Türkiyəyə yollanır. Çünki orada komandada bir azərbaycanlı legioner hesab edilmir. Sənin özünə Türkiyədən heç təklif var idi, ora yollanmaq ehtimalın yaranmışdı?

- Xaricdə oynayan bütün futbolçularımıza uğurlar arzu edirəm. Bu, Azərbaycan futbolu üçün müsbət haldır. Xeyr, mənə Türkiyədən təklif gəlməyib. Ona görə bu barədə danışmağa dəyməz. Mən özümü "Sumqayıt"da xoşbəxtəm.

- Maraqlıdır, Premyer Liqanın digər klublarının hazırlıq dönəmini, hazırlıq matçlarını heç izləyirdin? Sənin üçün diqqətçəkən, maraqlı gələn hansı transfer oldu?

- Bəli, digər klubların iştirakı ilə keçirilmiş 2-3 matçın fraqmentlərinə baxdım. Ancaq transferlər barədə elə də çox məlumatım yoxdur. Hər halda, çempionatın gedişatında tanış olacağıq.

- "Sumqayıt" mövsümün ilk yarısını dördüncü pillədə başa vurdu. Səncə, mövsümün ikinci yarısında komanda ən azından bu pillədə qalmağı bacaracaq, yoxsa daha çoxunu istəyirsiz?

- İlk yarıda çox yaxşı iş ortaya qoyduq. Əlbəttə, belə də davam etmək istəyirik. Amma çempionatımız çox çətindir. Hər şeyə hazır olmalıyıq. Əlbəttə, bu pillədə qalsaq, daha yuxarıda qalxsaq, bizim üçün yaxşıdır. Ölkə kubokunda da maksimum irəliləmək istəyirik.

- Fasilədən sonra iki oyununuz - "Qəbələ" və "Araz-Naxçıvan"a qarşı səfərdədir. Bunun hansısa mənfi təsiri ola bilər?

- Əlbəttə ki, çətin olacaq. İki səfər oyunumuz var. Amma bizim üçün fərq etməz, istənilən halda məqsədlərimiz üçün oynayacağıq. Çünki xallar toplamalıyıq. İnanıram ki, istəyimizə çatacağıq.

- "Neftçi"ilə fevralın 4-də keçiriləcək ev görüşü isə artıq yeni təmirdən çıxmış stadionunuzda keçiriləcək. Sumqayıtdakı oyunlarınızda stadionun dolacağına və ümumiyyətlə, azarkeşlərinizin sizinlə oyuna gələn rəqiblər üçün əsl səfər matçı ab-havası yaradacağına inanırsan?

- Bəli, nəhayət həmin gün gəlib çatıb. Biz yeni stadionumuzda “Neftçi”yə qarşı keçirəcəyimiz oyunu səbirsizliklə gözləyirik. Bu stadion bizim üçün əlavə motivasiyadır. İnanıram ki, hər oyunda stadionumuz dolu olacaq. Bu, bizi çox sevindirir. Biz böyük dəstək gözləyirik. Bütün fanatlarımızı stadiona dəvət edirəm.    

Mirbağırağa

Xəbər xətti