Barış Şimşek: "Qısa müddətdə ən yüksək keyfiyyətdə hazırlıq keçdiyimizi düşünürəm"

22:24 - 19 Yanvar 2024

AFFA Hakimlər Komitəsinin sədi Barış Şimşek affa.az saytına müsahibə verib.

Sportal.az həmin müsahibəni təqdim edir:

- Təxminən 6 illik fasilədən sonra hakimlərin ölkə xaricində təlim-məşq toplanışı təşkil olundu. Komitə sədri kimi toplanışı necə qiymətləndirirsiniz, hər şey istədiyiniz kimi alındı?

- Çox faydalı təlim-məşq toplanışı oldu. Toplanışın əsas məqsədi qış fasiləsindən sonra keçiriləcək oyunlara daha yaxşı hazırlaşmaqdır. Nəzəri məşğələləri keçən təlimçilər peşələrində ən yaxşı olanlar idi. Həm nəzəri məşqlər, həm fiziki hazırlıq, həm də hakimlərin biri-birilərinə uyğunlaşmaları, bir ailə kimi birlikdə olmaları baxımından çox faydalı oldu. Çətin olacağını düşündüyümüz üçüncü, dördüncü dövrənin oyunlarından əvvəl bizə hərtərəfli xeyiri dəyəcək hazırlıq keçdik. Toplanışın yüksək səviyyədə təşkilinə görə AFFA rəhbərliyinə minnətdarlığımı bildirirəm.

- Hər kəsdə ən çox sual doğuran məsələ hakimlərimizin bu dəfə Antalyada yoxlama oyunlarını idarə etməməsi oldu. Bunun səbəbi nə idi?

- Təşkilati səbəblərdən hakimlərin oyun idarə etməsi mümkün olmadı. Təbii ki, alınsaydı, bunun faydalı tərəfləri də ola bilərdi. Amma təlim-məşq toplanışında əsas məqsədimiz hakimlərimizin matç idarə etməsi deyildi. Bu mənim şəxsi düşüncəmdir, razılaşmayanlar da ola bilər. Digər fikirlərə də hörmətlə yanaşıram. Adından da anlaşıldığı kimi əsas məqsəd təlim və məşq keçmək idi. Bizim əsas məqsədimiz hakimlərimizi texniki və fiziki olaraq çempionatın üçüncü və dördüncü dövrələrinə hazırlamaqdır. Hakimlərin biri-birilərinə uyğunlaşmaları, bir ailə kimi birlikdə olmaları baxımından toplanışın çox faydaları oldu.

Yoxlama oyunları idarə etməyə gəlincə sizə bir misal çəkim.Toplanışa Avropadan nüfuzlu mütəxəssis dəvət edirsən, onun təlim keçidiyi müddətdə 8 hakimi prossesdən ayırıb oyunlara təyin edirsiniz. Bu doğru deyil. Amma bir az öncə vurğuladığım kimi subyektiv yanaşmadır, fərqli fikirdə olanlar da ola bilər.

- Toplanışa məşhur italiyalı Matteo Trefoloni də cəlb olunmuşdu. Onun fəaliyyəti nədən ibarət oldu, hakimlərimiz ondan nə öyrənə bildilər?

- Trefolonidən başqa, bizim köməkçi hakim təlimçimiz Tarık Ongun və mənəvi-psixoloji dəstək mövzusunda professor doktor Turgay Biçer toplanış ərzində bizimlə birlikdə oldular, öz sahələri üzrə təlim keçdilər. Müxtəlif mövzular üzərindən həm UEFA-nın bizə göndərdiyi, həm də Misli Premyer Liqasından hazırladığımız epizodları izlədik, incələdik. Mənəvi-psixoloji dəstəkdən başqa,  təxminən 25-ə yaxın texniki seans gerçəkləşdirdik. Bunun yarısını Matteo Trefoloni, qalanını isə Tarık Ongunla mən birlikdə həyata keçirdik. Bundan əlavə, Turgay Biçerin rəhbərliyi altında rabitə, komanda ruhu yaratmaq, liderlik, çətinliklərlə mübarizə aparmaq və s. mövzularda seminarlar təşkil etdik.

- VAR-la bağlı seminarlar oldumu?

- Bəli. Seminarı mən keçirdim. Epizodları izləyərək interaktiv, qarşılıqlı müzakirə şəklində bir neçə seansımız oldu.

- Təlim-məşq toplanışı ərzində hakimlərdə ən çox nəyin istənilən səviyyədə olmadığını müşahidə etdiniz?

- UEFA ilə sıx əlaqədəyik. Onların təlimatları çərçivəsində işimizi qururuq. Bizə təqdim olunan təlimatları ən yüksək səviyyədə hakimlərimizə aşılamağa çalışırıq. UEFA-nın bizə göndərdiyi yeni materiallar əsasında təlim-məşq toplanışı keçirdik. Hər hansı çatışmazlığın olduğunu düşünmürəm. Hakimlərimiz seminar ərzində keçdiklərimiz təlimləri mənimsədilər. Nəzəriyyəni yaxşı bilməklə, onu meydanda tətbiq etmək hər zaman uğurlu alınmır. Təbii ki, bunu hər hakimə şamil etmək olmaz. Zatən, nəzəriyyəni tam şəkildə tətbiq etsək, hakim səhvləri olmaz. Əsas çatışmazlıq kimi bunu qeyd edə bilərəm.

- Sizcə, hakimlər çempionatın qalan hissəsinə nə dərəcədə hazırdırlar?

- Məncə, mümkün olan ən yüksək səviyyədə hazırdırlar. Toplanış ərzində həm biz bütün bilik və bacarığımızı onlara aşılamağa çalışdıq, həm də onlar ən yaxşı şəkildə mənimsəməyə səy göstərdilər. Belə qısa müddətdə yüksək keyfiyyətdə hazırlıq keçdiyimizi düşünürəm.
Qış fasiləsinədək hakimlərin yaxşı performans nümayiş etdirdikləri fikrindəyəm. Çempionatın qalan oyunlarında daha yaxşı olmağa, ən pis halda əvvəlki kimi performansı qoruyacağımıza inanıram.

Xəbər xətti