"Sabah"ın sabiq baş məşqçisi, "Neftçi"nin veteran futbolçusu Ramin Quliyev Sportal.az saytına müsahibə verib. O, bu gün iki komandanın iştirakı ilə keçiriləcək görüşlə bağlı fikirlərini bildirib.
- Artıq bu gün Azərbaycan Premyer Liqasının qış fasiləsinə son veriləcək və ikinci hissə start götürəcək. Fasilə zamanı klublarımızdan daha çox hansı sənin diqqətini çəkdi?
- Əvvəlki illərə nisbətən, klublarımızın hazırlıq üçün vaxtı nisbətən az oldu. Qış "transfer pəncərəsi" olduğu üçün çox da transferlər olmadı. Amma daha yaxşı transferi zənnimcə "Qarabağ" reallaşdırdı. Hər halda, Aleksey İsayevi heyətinə qatdı. Hazırlıq oyunları ilə bağlı nəticələrə gəldikdə, burada hesab o qədər də vacib deyil. Bu mənada, nəsə demək olmur. Çünki bilmirsən axı komandalar hansı yükləmə altında oynayırlar. Çempionat matçları artıq start götürür. Oyunlar zamanı bütün komandaları görəcəyik.
- Ölkə xaricində hazırlaşan klublar da oldu, ölkəni tərk etməyənlər də. Səncə, bu, həmin komandalar arasında fərq yaradacaq, yoxsa səncə heç bir fərq olmayacaq?
- Çox da fərq yaratmayacaq. Çünki ölkə xaricində olan komandalar da az oyun keçirdi. Xaricə yollanmağın əsas məqsədlərindən biri də sparrinqin yaxşı olmasıdı. Amma Türkiyədə cəmi iki oyun oynayan komandalarımız da oldu. Bu da azdı.
- 19-cu tura bir oyunla start veriləcək, "Sabah" "Neftçi"ni qəbul edəcək. Bu oyunla bağlı düşüncələrin necədir? Səncə, hansı komanda qalib gələcək?
- "Neftçi"nin yeni baş məşqçisi var, yeni transferləri də reallaşdırdılar. Bu mənada, "Neftçi" barədə nəsə fikir bildirmək yanlış olar. "Sabah"da isə heyət baxımından əsas fiqurlardan olan Aleksey İsayev getdi. Bunun "Sabah"a nə qədər təsir edib-etməyəcəyini zaman göstərəcək. Çox maraqlı oyun olacaq. Çünki matçdan əvvəl kimsə oyun haqda deyə bilməz. Gözləyək, görək necə olacaq.
- "Sabah"da baş məşqçi olmusan, "Neftçi"də isə futbolçu kimi çıxış etmisən. Ümumiyyətlə, bu iki komanda haqda hansı fikirdəsən? "Sabah" mövsümün ilk yarısında gözləntiləri qarşılaya bilmədi, "Neftçi"də isə baş məşqçi dəyişikliyi oldu...
- Bayaq qeyd etdiyim kimi, bu komandalar arasında keçiriləcək matç olduqca maraqlı olacaq. "Sabah" daha üstündür. Çünki artıq oturuşmuş heyəti var və baş məşqçinin nə istədiyini daha yaxşı bilirlər. "Neftçi" üçün yeni baş məşqçi, yeni sistem var. Vaxt azlığı "Neftçi"nin oyununa təsir edəcək.
- Aleksey İsayevsiz "Sabah" çox zəif görünməyəcək? Bir də, Miodraq Bojoviçin "Neftçi"si Adrian Mutunun "Neftçi"sindən daha güclü olacaq?
- Bu sualları zamanın axarına buraxaq. Zaman hər şeyi dəqiq göstərəcək. Öncədən nəsə fikir bildirmək düzgün olmazdı.
- Ümumiyyətlə, qışda da daha çox diqqətiçəkən məqam yəqin ki, Türkiyə və ölxə xaricinə gedən azərbaycanlı oyunçular oldu. Daha çox diqqəti çəkən Ramil Şeydayev idi yəqin? Səncə, bunlar millimizə necə xeyir verəcək?
- Ramil Şeydayevin komandasını dəyişməsi mənim üçün gözlənilməz oldu. Xüsusilə də, birinci liqa komandasını seçməsi, gözlənilməz idi. Hər halda, ona da uğurlar arzulayıram. Millimizin baş məşqçisi təyin edilsin, daha sonra oyunçularımızın nə qədər xeyir verəcəyi sualını da cavablayarıq(gülür).
Mirbağırağa
saytlarin hazirlanmasi