Ayxan Abbasov: "Fərid və İsmayıl kimi futbolçulara şans vermək bizim üçün xoşdur"

15:18 - 21 Yanvar 2024

"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Sportal.az saytına açıqlamasında “Neftçi”dən icarəyə götürülmüş Fərid Yusifli və İsmayıl Zülfüqarlı haqda danışıb.

O, hər iki futbolçunun komandaya xeyir verəcəyinə inandığını bildirib: 

"Fərid və İsmayıl potensiallı oyunçulardır. İsmayıl keçən il U-21 yığmasında çox yaxşı oyunlar keçirdi, "Neftçi"də də bir çox oyunlara çıxdı. Fəridi də izləyirdik. Belə gənclərə şans vermək bizim üçün xoşdur. Bəyəndiyimiz oyunçulardır. Sağolsunlar, bizi seçdilər. Hər ikisinə inanıram. Hər iki tərəf üçün uğurlu olacaq. Allah qoysa, yaxşı oyunları olar, inkişaf edərlər, biz də buna sevinərik. Həm İsmayılın, həm də Fəridin “Neftçi” ilə müqaviləsi var. Razılaşma olub ki, yaya qədər bizdə oynasınlar. Mövsümün sonunda klublar arasında yenidən müzakirə gedəcək. Yenə də, maraqlandığımız oyunçular var idi. Bəzilərinin keçidi alınmadı. Bu mənada, gündəmdə oyunçu yoxdur. Ancaq “transfer pəncərəsi” bağlanana qədər, maraqlı oyunçular olarsa, hər şey mümkündür".

Tovuz klubunun baş məşqçisi Premyer Liqanın 19-cu turu çərçivəsində "Kəpəz"ə qarşı keçiriləcək matçdan gözləntilərini də bildiirb: "Turan Tovuz"la “Kəpəz”in oyunları həmişə maraqlı olub. Bunu azarkeşlər də səbirsizliklə gözləyirlər. “Kəpəz” son matçlarda yaxşı çıxış edir. Bilirik ki, hər oyuna final kimi baxırlar. Bizə də xal vacibdir. Qış dövrəsinin ilk oyunları çox çətin keçəcək. Çünki yenidən çempionatın ab-havasına girmək asan olmur. Amma mən futbolçularıma inanıram".

Mirbağırağa

Xəbər xətti