"Lokomotiv"ə keçən azərbaycanlı: "Qarabağ"da oynamağı xəyal edirəm" - MÜSAHİBƏ

20:46 - 23 Yanvar 2024

Azərbaycanın U-19 yığmasına cəlb edilsə də, AFFA-nın pasport ala bilməməsinə görə yığmamızda rəsmi matçlarda debüt edə bilməyən Raul Hacıyev yetirməsi olduğu "Rustavi"dən ayrılıb. Tbilisinin "Lokomotiv" klubuna keçən azərbaycanlı müdafiəçi Sportal.az saytına müsahibə verib. 

- "Lokomotiv"ə keçidin necə baş tutdu? 

- Bəli, artıq komandanın məşqlərinə başlamışam. Agentim “Lokomotiv”lə apardığı danışıqlar sonunda belə qərar verildi. Düzdü, rəsmi müqavilə hələ ki, olmayıb. Amma yaxın günlərdə imzalayacağıq. Çünki danışıqlar müsbət yekunlaşıb, bəzi detallar qalıb.

- Komanda bu ildən Gürcüstan 1-ci liqasında mübarizə aparacaq. "Lokomotiv" ölkənin ən köklü klublarından hesab edilir. Yəqin ki, əsas hədəf yüksək liqaya qayıtmaqdır?

- Təbii ki, elədir. “Lokomotiv” Gürcüstanın ən köklü klublarından biridir. Bu mövsüm komandanın əsas məqsədi yenidən yüksək liqaya çıxmaqdır. İnanıram ki, bunu bacaracağıq. Düzdür, birinci liqa da güclüdür. Lakin məqsədimiz bəllidir, yüksək liqaya çıxmaq istəyirik.

- Maraqlıdır, Gürcüstanın başqa klubu və ya Azərbaycan klubu səninlə maraqlanırdı? Yoxsa, təkcə keçəcəyin klub "Lokomotiv" idi? Bildiyim qədərilə "Səbail" də səni istəyib...

- Son zamanlar yalnız “Lokomotiv”lə danışıqlar gedirdi. Axırda da onlarla razılaşdıq. Bir müddət əvvəl “Səbail”in seçmələrində olmuşdum. Lakin “Rustavi” ilə anlaşma əldə edilmədi. Sonda da geri qayıtmışdım.

- Ümumiyyətlə, karyeranı Azərbaycanda davam etdirməyə necə baxırsan? Gürcüstandan birbaşa Avropanın başqa klubuna yollanmağı planlaşdırırsan?

- Əlbəttə ki, peşəkar futbolçu kimi ilk hədəfim Avropanın top klublarında, liqalarında oynamaqdır. Lakin Azərbaycanda oynamaq da gələcəkdəki hədəflərimdən biridir. Ümidvaram ki, istədiyim hədəflərə çatacam.

- Azərbaycan U19 yığmasına dəvət edilsən də, pasport məsələsinə görə rəsmi matçlarda oynamağın alınmadı. Hazırda bu məsələ nə yerdədir, AFFA ilə danışıq davam edir?

- Bəli, Azərbaycan yığmasında çıxış etmişəm. Lakin axırıncı toplanışdan sonra pasporta görə millidə çıxış edə bilmədim. Proses davam etsə də, hələlik heç bir nəticə yoxdur. 

- Gürcüstan yığmasından necə, dəvət gəlib?

- Seçimimi Azərbaycan yığmasından yana etdiyimə görə, Gürcüstandan təklif almamışam. Qərarımı dəyişmək haqda düşünmürəm. Ümid edirəm ki, Azərbaycanın U-21 yığmasında oynayaram. 

- Azərbaycanda oynamaq istədiyin, özün üçün favorit seçdiyiniz komanda var?

- Uşaqlıqdan bəri “Qarabağ”ın avrokuboklardakı çıxışını həvəslə izləyirəm. Azərbaycanda məhz "Qarabağ"da oynamağı xəyal edirəm. Bir gün o formanı geyinmək istəyərdim. İnanıram ki, bu da olacaq.

Mirbağırağa

Xəbər xətti