Azərbaycan Premyer Liqasında qış fasiləsinin ardından mövsüm qaldığı yerdən davam edir. Artıq 19-cu, fasilədən sonrakı ilk turun bir neçə matçı baş tutub.
Təbii ki, klublar kimi oyunları idarə edən hakimlər də diqqət mərkəzindədir və geridə qalan görüşlərdə artıq bir sıra narazılıqların şahidi olduq. Xüsusən də fasilədən sonra baş tutan "Səbail" - "Zirə" və "Kəpəz" - "Turan Tovuz" görüşlərində bəzi epizodlarda hakim səhvlərindən şikayətlər edildi. Hər halda görünür qış fasiləsində Türkiyəyə toplanışa yollanan hakimlərimiz boşa əziyyət çəkib. Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Barış Şimşəyin rəhbərliyi ilə qardaş ölkəyə yollanan referilər yenə səhvləri ilə diqqət mərkəzindədirlər.
Sportal.az xəbər verir ki, keçmiş referi Zahid Musayev Qaynarinfo-ya açıqlamasında fasilədən sonra baş tutan görüşlərlə bağlı fikirlərini bölüşüb. Xüsusən də "Kəpəz” - "Turan Tovuz” matçına diqqət yönəldən Musayev bütün bunların hakimlərin savadsızlığından irəli gəldiyini vurğulayıb:
"Çıxış yolu var. Yəqin ki, həmin oyunları izlədiniz. "Kəpəz” - "Turan Tovuz” matçında qırmızı vərəqə epizodunda VAR oyuna müdaxilə etdi və beş dəqiqə fasilə yarandı. Oyunçuların bədənləri isti və hərəkətli olan vaxtları temp aşağı düşdü. Bu kimi şeylər əlbəttə, oyuna və hakimliyin səviyyəsinə təsir edir. Hakimlər qərar verə bilmirsə və VAR müdaxilə edirsə, deməli onların bilik səviyyəsi aşağıdır. Bu kimi fikirlərin həmişə olacaq. Hakim meydanda vərəqə və ya oyun epizodu ilə bağlı qərar verə bilmirsə, VAR-a ehtiyac duyursa, deməli, hakimin oyun təcrübəsi, biliyi çox zəifdir. Özü də hakimlər baş verən qayda pozuntusuna yaxın olduğu halda belə qərar verə bilmir, bu nə deməkdir? Hakim penalti qərarı vermək istəyir, VAR bildirir ki, futbolçu simulyasiya edib, özünü əks tərəfə atıb. "Kəpəz”lə oyunda hakim "Turan Tovuz”un futbolçusuna sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə qırmızı vərəqə göstərdi. Halbuki iki dəfə eyni vəziyyətdə "Kəpəz”in əleyhinə heç bir qərar verilmədi, niyə? "Kəpəz”in futbolçusu rəqib komandanın üzvü İsmayıl Zülfüqarlını vurmuşdu. Yazıq ayağının ağrısını meydanda qızışdırmaqla azaltmaq istəyirdi".
saytlarin hazirlanmasi