İş adamını futboldan küsdürmək istəyənlər - "Turan Tovuz"u Ehtiram Quliyevə görə sıxırlar

14:42 - 24 Yanvar 2024

Bu mövsüm "Turan Tovuz" artıq neçənci dəfədir ki, hakimliklə bağlı etirazını bildirir. Son turda "Kəpəz"lə qarşılaşmadan sonra da sosial şəbəkə hesablarında ədalətsiz hakim qərarları ilə bağlı paylaşım ediblər. Eyni epizodda "Turan Tovuz"un oyunçusuna qırmızı vərəqə verilir, amma "Kəpəz"in oyunçusuna yox. Nə baş hakimin kimliyi, nə də VAR-da oturanların adı önəmli deyil. Çünki adlar şərtidir. Hər dəfə bir başqası gəlib iş açır "Turan Tovuz"un başına. Tovuzlu iş adamı Ehtiram Quliyev klubu sponsorluğa götürən gündən hakim səhvləri davamlı xarakter alıb. 

Heç kimə sirr deyil ki, uzun illər iş adamlarını futbola yaxın buraxmayıblar. Kimisinə əngəl olublar, kimisini küsdürüblər və elə bir mühit formalaşıb ki, iş adamları özləri də daha futbola gəlməyə maraqlarını itiriblər. 

"Turan Tovuz" da sponsorların maraq göstərmədiyi klublardan olub. AFFA-nın əlinə baxan Tovuz klubu məhz bu səbəbdən uzun illər yerində sayıb, varlığını sürdürməklə kifayətlənib. 

Ehtiram Quliyevin "Turan Tovuz"u himayəyə götürməsi klub tərəfdarları üçün az qala bayrama çevrilmişdi. Amma bu minvalla sonu matəm kimi görünür bu gedişatın. Bir də gördüz fırlayıb-hərləyib diviziona da göndərdilər "Turan Tovuz"u. Çünki bilirlər ki, bu hal baş versə, böyük ehtimalla Ehtiram bəy də klubdan əlini çəkəcək. 

"Turan Tovuz", adını daha dəqiq qoysaq, Ehtiram Quliyev ətrafında yaşananlar qapalı çevrəyə bənzəyir- bilirsən nə üçün, amma bilmirsən kim! Səbəb aydındır, ancaq səbəbkarın kim olduğu dəqiq bilinmir. Hakimlər Komitəsinin sədri Barış Şimşək, AFFA-nın baş katibi Sərxan Hacıyev, PFL prezidenti Elxan Səmədov aysberqin görünən tərəfidir. Ağır yol qəzasına düşən Elxan bəyin ölkə xaricində olması və bu işlərin içində olmadığı barədə nəsə yazmaq artıqdır. Allah şəfasını versin,  adam həyatda qalmaq uğrunda çarpışır. Sərxan Hacıyevin bu işin harasında olduğunu müəyyənləşdirmək çətindir. Çünki dəqiq bilirik ki, hakimlik birbaşa onun tabeliyində deyil və baş katibin hakimlərin işinə müdaxilə imkanları kiçikdir. Qalır Barış Şimşək. O, icraçıdır. Ehtiram Quliyevə qarşı aparılan kampaniyanın başında duranlar necə deyərlər, daha böyük balıqlardır. 

Bu mövzuda Elxan Məmmədovun da adı çəkilir. Deyirlər ki, FİFA-da oturub yenə Azərbaycan futboluna barmaq etməklə məşğuldur. Açığı, futbolumuzda baş verən hər neqativ halın Elxan Məmmədovun ayağına yazılmağını da doğru saymıram. O, bu gün Azərbaycan futbolunda yoxdur. Əgər barmaq edirsə belə, Sərxan Hacıyev o barmağı qırmalıdır. Yox, bacarmırsa, günah Hacıyevin özündədir. Sonda baş verənlərin savabı da, günahı da Sərxan bəyin adına yazılacaq. İndiki baş katib dürüst adamdı, savadlı kadrdı, amma oturduğu kresloya ağırlığını qoya bilmirsə, deməli o qoltuqda daha ağır çəkili biri əyləşməlidir. 

"Turan Tovuz"a qarşı olan hər haqsızlıq, hər səhv Ehtiram Quliyevi Azərbaycan futbolundan bir addım da uzaqlaşdırır. Sanki adamı küsdürmək üçün hər şey edirlər. AFFA bu nəcib adama təşkilati məsələlərdə dəstək olmur, kömək etmək istəmir. Kömək etmirlərsə, heç olmasa mane də olmasınlar iş görməyinə. Amma çətin. Belə görünür ki, Ehtiram Quliyevin axırına çıxmayana qədər əl çəkən deyillər əməllərindən. Ümid yalnız mart ayında keçiriləcək federasiya seçkilərinə qalır. Lakin gedən proseslər pozitiv heç nəyə ümid vermir...

Həmid

Xəbər xətti