"Şaxtyor"un yetirməsi olan Eldar Quliyev hazırda "Zirə"nin yarımmüdafiəçisidir. Gənc futbolçu Azərbaycan millisinə də namizədlərdəndir.
Bununla bağlı Eldarın atası Şahbaz Quliyev Sportal.az saytına açıqlama verib. Ukraynada yaşayan Şahbaz bəy, Eldarın hazırkı karyerasından söhbət açıb. Bununla yanaşı, onun Azərbaycan millisində mümkün çıxışından danışıb:
"Mən uşaqlıqdan Eldarın oyunlarını izləyirəm. Daim onun yanında olmuşam. İndi də imkan düşdükcə, Eldar Quliyevin iştirakı ilə keçirilən “Zirə”nin matçlarına mütləq baxıram. Yəqin ki, bilirsiz hazırda Ukrayna müharibə şəraitindədir. İndi də müharibə davam edir. İlk gündən də müharibənin iştirakçısıyam. Ona görə də daim bütün matçlara baxmağım alınmır. Lakin məlumatsız da deyiləm. Eldarın “Zirə”də xoşbəxt olub-olmadığına gəlincə, özündən soruşmaq lazımdır. Mənim fikrim belədir ki, əgər ora keçmək qərarı alıbsa, işini ən yaxşı şəkildə icra etməlidir".
O, Eldarın qış "transfer pəncərəsi" zamanı “Sabah”a keçmək ehtimalı haqda çıxan xəbərlərə də münasibət bildirib: "Sabah"a keçmək variantı var idi, amma Eldar "Zirə"də qaldı. Artıq qərarını verib. Ona görə də, bu haqda danışmağın mənasını görmürəm".
Sonda isə Şahbaz bəy oğlunun Azərbaycan millisinə oynamaq ehtimalını şərh edib: “AFFA-dan rəsmi təklif gəlməyib. Olarsa, bu haqda düşünmək mümkündür. İndi isə bunlar hamısı söz-söhbətdir. Eldar Azərbaycan millisinə kömək edə bilər ya yox, bunu mühakimə etmək mənə aid deyil. Peşəkarlar, mütəxəssislər var, onlar bu barədə düşünməlidir. Mənim üçün oğlum ən yaxşısıdır. Onsuzda, hər bir ata üçün onun övladı ən yaxşısıdır”.
Mirbağırağa
saytlarin hazirlanmasi