"AFFA tərəfindən rəsmi olaraq heç bir mütəxəssisə təklif göndərilməyib" - MÜSAHİBƏ

10:00 - 27 Yanvar 2024

Premyer Liqanın 20-ci turunun "Turan Tovuz" - "Səbail"(3:1) matçını stadiondan canlı izləyən AFFA-nın baş katibi Sərxan Hacıyev matçdan sonra jurnalistlərə müsahibə verib. Sportal.az həmin müsahibəni təqdim edir:

- "Turan Tovuz" - "Səbail" matçına gəlməyinizin xüsusi səbəbi var?

- Xüsusi səbəb yoxdur. Bu mövsüm ikinci dəfədir "Turan Tovuz"un oyununa gəlirik. Bu matç turun əsas oyunlarından biri idi. Qərara gəldik ki, Tovuza səfər edək.

- "Turan Tovuz" bu mövsüm hakimlikdən narazıdır. Oyundan əvvəl klub rəhbərliyi ilə bu mövzuda söhbətiniz olub?

- Hər zaman oyunlarla bağlı müzakirələr aparılır. "Turan Tovuz"un "Kəpəz"lə matçından sonra hakimlik müzakirə olunmuşdu. Əlbəttə ki, klub rəhbərliyi ilə də danışırıq. Həmin matçdan sonra Ehtiram Quliyevlə müzakirəmiz olmuşdu. Bu gün də söhbət etdik. Hakim səhvləri bizi məyus edir. Çalışmalıyıq ki, gələcəkdə belə halların qarşısı alınsın. Aidiyyəti qurumlar bu yöndə iş görürlər.

- Bu mövsüm ümumi olaraq hakimlikdən narazılıq çoxdur. Siz özünüz razısız?

- Ümumi danışsaq, VAR sistemi bir çox hallarda özünü doğruldur. Lakin bəzi hallarda qərarlar düzgün verilmir. Əlbəttə ki, bu, bizi məyus edir. Aidiyyəti komitə ilə bu yöndə işlər aparırıq ki, gələcəkdə səhvlərin sayı az olsun.

- Gəncə Futbol Akademiyasının açılışı gözlənilirdi. Lakin son anda səfər təxirə salındı. Bu məsələ nə yerdədir?

- Məlum olduğu kimi AFFA İcraiyyə Komitəsinin baza ilə tanışlığı gözlənilirdi. Həmçinin Gəncədə İcraiyyə Komitəsinin iclası planlaşdırılırdı. Məlum olan səbəblə bağlı səfər təxirə salındı. Belə nəzərdə tutulub ki, fevral ayının ilk günlərində səfər baş tutsun. Lakin hazırda səfərin dəqiq tarixi bəlli deyil.

- Milli komandanın yeni baş məşqçisi postuna namizədlər kimlərdir? O siyahıda yerli mütəxəssislər var?

- AFFA tərəfindən rəsmi olaraq heç bir mütəxəssisə təklif göndərilməyib. Bəzi məşqçilər özləri açıqlama veriblər ki, mənimlə danışıblar. Rəsmi olaraq bildirmək istəyirəm ki, nə yerli, nə də xarici mütəxəssislə danışıq aparılmayıb. Bununla bağlı İşçi Qrupu mövcuddur, tərkibi bəllidir. Hazırda İşçi Qrupunda konkret namizədlər səsləndirilməyib. Ümumi olaraq baş məşqçinin hansı kriteriyalar əsasında əsasında seçiləcəyi ilə bağlı müzakirələr gedir.

- İşçi Qrupuna təqdimat olub?

- Xeyr, konkret ad müzakirə olunmur.

- İşçi Qrupunun tərkibinin dəyişməsi gündəmdədir?

- Hazırda yoxdur.

- Danışılmış oyunlarla bağlı müxtəlif qrupların adı çəkilir. Siz də açıqlama vermişdiz ki, bununla bağlı araşdırma gedir. Araşdırmalar ictimaiyyətə açıqlanmadı. Nəticəsi necə oldu?

- Təsdiqləyə bilərəm ki, dekabr ayında bu məsələ ilə bağlı açıqlama vermişdim. Hətta onu təsdiq edirəm ki, müəyyən açıq araşdırmalar var. Sırf bu mövsümə aid məsələlərdir. Həmin araşdırmalar tək AFFA tərəfindən aparılmır. Aidiyyəti qurumlarla birlikdə aparılır. Hazırda məqsədə uyğun olmadığı üçün açıqlamırıq. Gələcəkdə açıqlanacaq.

- Premyer Liqa klubları da var?

- Xeyr. Aşağı liqa klubları ilə bağlıdır.

- AFFA-nın prezident seçkiləri nə vaxt baş tutacaq?

- Konfransın dəqiq tarixi İcraiyyə Komitəsinin növbəti iclasında təyin olunacaq. İK-nin Gəncədə keçirilməli olan iclası növbəti günlərdə keçiriləcək. Həmin iclasda konfransın tarixi bilinəcək.

- Namizədlər var?

- Xeyr, yoxdur.

- Aşağı yaş qrupları millilərinin baş məşqçi postları boşdur. Həmin postlara namizədlər var?

- İcraiyyə Komitəsinin iclası keçirilmədiyinə görə müvəqqəti olaraq daxili əmrlə müəyyən yaş qruplarında eyni tərkibdə məşqçilərin müqaviləsi iki aylıq uzadılsın. Bu məsələyə növbəti iclasda yenidən baxılacaq.

- Son günlər KİV-də növbəti mövsüm Premyer Liqada klubların sayının artacağı ilə bağlı söhbətlər dolaşılır..

- Artması hazırda müzakirə mövzusu deyil. İdman prinsipləri qorunacaq. Sonuncu yeri tutan çempionatı tərk edəcək. Bu məsələ İcraiyyə Komitəsinin səlahiyyətindədi.

- Legioner limiti ilə bağlı suallar var...

- Hazırda bununla bağlı konkret olaraq təklif gəlməyib. Lakin bu elə məsələdir ki, öncə Klublar Komitəsində müzakirə olunmalıdır.

- Növbəti mövsümdə klublara ayrılan maliyyə vəsaitində artım olacaq?

- Xeyr.

- Vergi Məcəlləsində edilən dəyişiklik, vergilərin 5 faizdən 20-dək artırılması klubların büdcəsinə çox pis təsir edir. Bu yöndə hansısa dotasiya olunacaq?

- Bəli, verginin artması klublara təsir edir. Ancaq bu AFFA-nın səlahiyyətində olan bir şey deyil.

Elçin Əlixan

Xəbər xətti