"Panama millisinin məşqçiləri Azərbaycan Premyer Liqasının hər oyununu təhlil edirlər" - MÜSAHİBƏ

11:34 - 29 Yanvar 2024

"Turan Tovuz"un panamalı legioneri Roderik Miller Sportal.az saytına müsahibə verib.

- "Səbail"lə matçda qalib gəldiniz. Qarşılaşma sizin üçün necə alındı? 3:1 hesablı məğlubiyyəti necə şərh edərdin?

- Yaxşı iş ortaya qoyduğumuz oyun oldu. Biz rəqibi tanıyırdıq. Onlara necə zərər verə biləcəyimizi bilirdik.  Biz güclüydük və qələbə qazana bildik. Şadam ki, üç xal əldə etdik.

- "Səbail" ölkə çempionatında yuxarı pillələrdə idi. Amma onları məğlub edə bildiniz. Bu, sizin gücünüzü göstərir? 

- Futbolu bilən insanlar başa düşür ki, bizim çox yaxşı komandamız var. Biz daha da inkişaf edə bilərik. Sadə səhvlərdən xallar itirirdik. Amma biz daha az səhv edən kimi böyük nailiyyətlər qazanacağıq. 

- Səncə, "Turan Tovuz" Premyer Liqada hansı nəticəni qazana bilər? Mükafatçılar sırasına düşməyi bacaracaqsız? 

- Bu haqda nəsə demək hələ çox tezdir. Çünki mövsümün ortasıdır və qarşıda çox oyun var. Amma böyük nailiyyətlər əldə edə biləcəyimizə ümid etməliyik. Biz addım-addım gedirik. Buna nail olmaq üçün hər şeyi veririk.

- Hakimlər sizə qarşı qərəzlidir? "Kəpəz"lə matçda hakimlikdən daha çox narazı qaldınız. Bu haqda fikrin necədir?

- Hakimlərə qarışmaq fikrində deyiləm. Mövsümün ilk yarısından bəri hakimlər tərəfindən verilən səhv qərarlar ucbatından xal itkilərimiz oldu. Lakin biz bunun öhdəsindən gəlməli və daha da çox çalışmalıyıq ki, aydın oyunlarda qalib gələk və bunun bizə zərəri olmasın.

- Növbəti turda "Sabah"la qarşılaşacaqsınız. Bu oyunla bağlı fikrin necədir? Onları məğlub edə biləcəksiz? 

- Məsuliyyətin böyük olduğunu bilirik. Çempionatın birinci hissəsində onları məğlub etmişdik. Bilirik ki, ağıl və əzmkarlıqla oynayaraq onlara zərər verə bilərik.

- Panama milli komandasının üzvüsən. Amma son dəfə Kosta-Rika ilə oyunlar üçün millinin düşərgəsinə dəvət edilməmişdin. Tomas Kristiansen "Turan Tovuz"dakı performansını izləyir?

- Təbii ki, Panama millisinin məşqçiləri Azərbaycan Premyer Liqasının hər oyununu təhlil edirlər. Təəssüf ki, kiçik narahatlığa görə son dəfə düşərgədə yer almadım. Amma ümid edirəm ki, növbəti FİFA tarixlərində millinin toplanışlarında məni də nəzərə alacaqlar.

- Panama millisi mayda "Copa America"da iştirak edəcək. ABŞ, Uruqvay və Boliviya ilə eyni qrupdasınız. Yəqin ki, bu turnirdə iştirak etmək istəyirsən. Səncə, Kristiansen səni milliyə dəvət edəcək? 

- Milli komandaya düşmək üçün ən yaxşı formada olmaq lazımdır. Mən də yaxşı işləyirəm. Ancaq yenə də daha çox şeyə nail olmaq arzusundayam. Ümid edirik ki, ölkəmin formasını "Copa America" kimi önəmli turnirdə yenidən geyinmək üçün mənə dəvət göndərəcəklər.

- Azərbaycan Premyer Liqasında oynayan yeganə panamalı sənsən. Bunun üçün xüsusilik hiss edirsən?

- Xeyr, burada xüsusi bir şey yoxdur. Amma mən ölkəmin adını yüksəltmək məsuliyyətini hiss edirəm. Niyə bu böyük ölkədə öz istedadlarını inkişaf etdirmələri üçün daha çox panamalıya yol açmayaq?

Mirbağırağa

Xəbər xətti