İTV-də yayımlanan "Bol idman" verilişində qonaq olan Qurban Qurbanov bir çox maraqlı məqamlara toxunub. Aparıcı Kənan Hakimov onun milli komandanın baş məşqçisi postuna dəvət olunduğu, lakin Qurban Qurbanovun bu təklifdən imtina etməsi ilə bağlı xəbərlərin dolaşdığını deyib. Ölkənin ən titullu məşqçisi bu xəbərlərin həqiqəti əks etdirmədiyini, ümumiyyətlə AFFA-dan heç bir təklif almadağını vurğulayıb.
Hakimov maraqlı diskussiya şəraitində keçən verilişdə milli barədə mövzunun davamı olaraq, təklif olarsa, Qurbanovun yığmaya baş məşqçi kimi dönmək ehtimalı barədə də sual verib. Təcrübəli mütəxəssisin cavabından belə anlaşılıb ki, AFFA rəhbərliyi ilə futbolumuzun inkişafına dair baxışları və şərtlər uyğun gələrsə, ölkəmiz naminə yenidən millidə çalışa bilər.
Amma özü də deyib ki, AFFA rəhbərliyi millinin baş məşqçisi postuna əcnəbi axtarır. Sözlərinə dolayısı ilə onu da əlavə edib ki, hal-hazırda İşçi Qrupunda təmsil olunan şəxslər elə o vaxt Qurban Qurbanovu millidən çıxaran adamlardır. Bəlkə də bununla demək istəyib ki, nə onların Qurban Qurbanova münasibəti dəyişəsidi, nə də o özü daha bu adamlara bir daha güvənəsidir. Çünki heç kimə sirr deyil ki, Qurban Qurbanova milli komandada işləmək imkanı verməyən məhz həmin adamlar olub. Hər imkandaca ona badalaq vuran, uğursuz olması üçün hər şey edən bu şəxslər cəmi bir ilin tamamında Qurban Qurbanovun istefasına nail olmuşdular.
Qurban Qurbanov vətənpərvər adamdı. Məhz vətənə olan sevgisinə görə də, millidəki çətin yükün altına girməyə razılaşa bilər. Amma Qurban bəy özü də başa düşür ki, millini şəxsi maraqlarla idarə edən, milli maraqlar barədə qətiyyən düşünməyən adamların rəhbərliyi altında nəticə qazanmaq demək olar ki, mümkünsüzdür.
"Qarabağ"ın adı kimi millimiz də uzun illərdir yaralı yerimizdi. Saysız-hesabsız məğlubiyyətlər, uğursuz çıxışlardan bezən azarkeşlər də artıq yığmanın oyunlarına gəlmirlər. Əvvəllər millinin oyunlarında stadion həmişə dolu olsa da, ilbəil bu göstərici aşağı düşür, hətta son oyunda tamaşaçı sayı cəmi bir neçə min olub. Acı mənzərədir, xoş olmayan durumdur. Amma bu millini yalnız milli keyfiyyətləri yüksək olan adamlarla qaldırmaq mümkündür. Hamı eyni nöqtəyə vurmasa, nəticə olmayacaq.
Qurban Qurbanov milliyə qayıdacaq, mütləq qayıdacaq. Amma indi deyil, bu adamlarla deyil. Özü də dediyi kimi, millidə çalışdığı 1 il böyük təcrübə oldu onun üçün. Onun milli üçün çalışdığı vaxtlarda, kimlərinsə onu millidən uzaqlaşdırmaq üçün necə çalışdığını gördü. Hər üzünü gördü oraların, hər üzünü gördü onların.
Bir millinin uğurlu olması üçün ilk növbədə milli ruhu oyatmaq lazımdır futbolçularda. O ruhu oyatmaq üçün də milli adam olmalıdır yığma komandada. Amma bu AFFA rəhbərliyi yenə də buradan bir neçə min mil uzaqlarda məşqçi axtarmaqla məşğuldur milli üçün...
Həmid
saytlarin hazirlanmasi