Murad Musayevin planı baş tutmadı - "Sabah" tarixinin ən acı məğlubiyyətini yaşadı

09:55 - 31 Yanvar 2024

Ötən mövsüm keçirilən "Qarabağ" - "Sabah" matçları çempionatımızın bəzəyinə çevrilmişdi. Murad Musayevin komandası bütün oyunlarda "Qarabağ"la başabaş mübarizə aparmaqla futbolsevərlərin simpatiyasını qazanmışdı. 

Lakin bu mövsüm fərqli mənzərəyə şahidlik edirik. Nə ötən mövsümkü "Sabah" var, nə də ki çempionatın bəzəyinə çevrilən həmin qarşıdurmalar. Qurban Qurbanovun komandasına rəqib yoxdur. Mövsümün sonuna hələ 16 tur qalsa da, artıq indidən "Qarabağ"ın çempionluğu heç kimdə şübhə doğurmur. 

Uğursuz mövsüm keçirən "Sabah"ın heç olmasa ölkə kuboku uğrunda mübarizədə 1/4 finalda "Qarabağ"a dirəniş göstərəcəyi, mərhələ adlamağa çalışacağı ehtimal olunsa da, cütün taleyinə elə ilk oyundaca aydınlıq gəldi. "Qarabağ" "Sabah"a tarixinin ən acı məğlubiyyətini yaşatdı - 7:1. 

Buna faciə də demək olar. Bir tərəfdən baxanda son illər Premyer Liqada "Neftçi" də daxil olmaqla demək olar ki, bütün klublarımız "Qarabağ"dan üzücü məğlubiyyətlər alıblar. Amma digər tərəfdən kifayət qədər böyük büdcəyə malik, Murad Musayev kimi təcrübəli məşqçisi olan klub bu cür məğlubiyyətlərlə barışmalı deyil. "Sabah" da "Qarabağ"ın qarşısında aciz qalacaqsa, onda gərək Qurban Qurbanovdan xahiş edək ki, yerli çempionatda əvəzedicilərlə təmsil olunsunlar. 

Əslində, Murad Musayevin "Qarabağ"ı dayandırmaq üçün planı var idi. Lakin ötən mövsüm effekt verən metod işləmədi, bu ifaçılarla əvvəlki gedişləri həyata keçirmək mümkün olmadı. Matç başlayan kimi "Sabah"ın oyunçuları hər vəchlə "Qarabağ"a oynamaq imkanı verməməyə çalışır, şiddətli pressinq tətbiq edirdilər. Meydanın hər qarışı uğrunda güzəştsiz mübarizə gedirdi. Lakin bu çox çəkmədi. "Sabah"ın bir atımlıq barıta bənzəyən təzyiqi bitər-bitməz "Qarabağ" məşhur pressinqini işə saldı. "Sabah"ın müdafiəsi bu amansız təzyiq qarşısında çat verdi. Arxa xətt oyunçuları o qədər xətalara yol verdilər ki, yekunda hətta daha çox qol da görə bilərdilər qapılarında. Sanki "Qarabağ"ın qarşısına Premyer Liqanın iddialı klublarından biri yox, həvəskar futbolçulardan yığılmış bir komanda çıxmışdı. "Sabah" adına acı mənzərəydi. 

Murad Musayev mətbuat konfranslarının birində əvvəlki "Sabah"ı görməyəcəyimizi deyəndə, bunu anlayışla qarşılamışdıq. Komandanı tərk eləyən Kaşuk, Mikels, Ba kimi oyunçuların yerini doldura bilmədikləri üçün üzləşdikləri durumun səbəbləri aydındır. Amma 1:7 hesablı məğlubiyyətə uğramağın heç bir bəraəti ola bilməz. Rəqib "Qarabağ" olsa belə! 

Həmid 

Xəbər xətti