"Şamaxı"nın sabiq çalışdırıcısı, ötən həftə "Qarabağ"ın U-15 komandasına baş məşqçi təyin edilən Vüqar Əsgərli Sportal.az saytına müsahibə verib.
- "Qarabağ"a keçidin necə alındı? Təklif nə vaxt gəlmişdi?
- "Qarabağ"a keçidim sırf Aftandil Hacıyevlə bağlıdır. Təklif məhz ondan gəldi. Danışdıq, söhbətləşdik. Məhz bundan sonra qərar verdim ki, "Qarabağ"da işləyim. Şadam ki, belə alındı.
- Maraqlıdır ki, əsas komandada baş məşqçi işlədin, indi isə U-15 komandasına rəhbərlik edəcəksən. Bu, məşqçi karyeranda eniş deməkdir?
- Xeyr, böyük futbolda baş məşqçi işlədikdən sonra "Qarabağ"ın U-15 komandasına gəlişimi eniş saymıram. Futbolda belə təcrübələr olub. Məşqçilər böyük komandalarda işləyib, sonra akademiyalarda çalışıb. Bunu sadəcə təcrübə kimi sayıram. Mənim üçün əsl təcrübədir.
- "Qarabağ" U-15 komandasında məqsədlər nədən ibarət olacaq?
- Tək U-15 komandasının yox, bütün "Qarabağ" akademiyasının əsas məqsədi yaxşı futbolçular yetişdirib, onları inkişaf etdirib A komandasına və futbolumuza qazandırmaqdır. Bunun üçün işləyirik. İnanıram ki, hər şey yaxşı alınacaq.
- "Şamaxı"da əsas komandada işlədin, "Qarabağ"da isə U-15 komandasında çalışırsan. İşə yanaşmada da fərqlilik var? Özünüz buna psixoloji olaraq hazırlamısan?
- Bir məşqçi olaraq işimiz yalnız məşq keçməkdən ibarət olmalı deyil. Təbii ki, hər vəziyyətə hazır olmalıyıq. Mən də buna hazıram. İndi də işimə U-15 komandasında davam edirəm.
- Ümumiyyətlə, "Qarabağ"ın əsas komandası illərdir ki, avrokuboklarda böyük uğurlar qazansa da, akademiyası həmişə tənqid edilib. Səncə, yaxın illərdə əsas komandaya bir neçə futbolçu verəcək gücdə oyunçular yetişdirə biləcəksiz?
- "Qarabağ" hazırda elə səviyyədədir ki, heyətdə gənc futbolçuların möhkəmlənməsi kifayət qədər çətindir. Amma akademiyada Azərbaycan futboluna xeyir verəcək kifayət qədər potensiallı futbolçular var. Gələcəkdə bu uşaqlar "Qarabağ"da və yaxud başqa komandalarda olacağını zaman göstərəcək.
- Yenidən Birinci Liqa və ya Premyer Liqada çalışmağı planlaşdırırsan?
- Bu, gələn təkliflərdən asılı olan məsələdir. Uyğun təklif olsa, dəyərləndirmək mümkündür. İndi isə "Qarabağ"dakı işimə fokuslanmışam.
- "Şamaxı"dakı işini necə dəyərləndirirsən? Səncə, nələri edə bildin, nələri edə bilmədin?
- "Şamaxı"dakı işimiz haqqında özümün qiymət verməyi düzgün olmaz. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq.
- "Qarabağ"da futbol akademiyasının durumu, şəraiti hansı yerdədir?
- Demək olmaz ki, şərait ən yaxşılardandır. Amma Aftandil müəllimin gəlişindən sonra həm şərait, həm də oyunçu bazası baxımından yaxşıya doğru müəyyən işlər görülür.
Mirbağırağa
saytlarin hazirlanmasi