"Neftçi"nin sabiq futbolçusu Slavko Georgiyevski Sportal.az saytına müsahibə verib.
- "Neftçi" qış fasiləsindən sonra üç oyun oynayıb, "Sabah"la görüşdə bərabərlik qeyd alınıb, "Qəbələ"yə qalib gəldilər. "Sumqayıt"ı isə ölkə kubokunun ilk görüşündə məğlub etdilər. "Neftçi"də vəziyyətin yaxşı olduğunu düşünmək olar?
- Yaxşı nəticələrdir. Məncə, "Neftçi" doğru yoldadır. Allah qoysa, onlar üçün hər şey yaxşı və uğurlu alınar. Təbii ki, hamımızın istəyi də budur. Ümidvaram ki, "Neftçi"də işlər həqiqətən də yaxşı alınacaq.
- Bu nəticələr Miodraq Bojoviçin komandada yaxşı işlər gördüyünün göstəricisidir?
- Əlbəttə ki, baş məşqçinin işi ortadadır. Bojoviçin gəlişindən sonra "Neftçi"də gördüyüm əsas məsələ futbolçuların böyük istək və aqressiya ilə oynamasıdır. Bunlar olduğu təqdirdə, "Neftçi"də uğurlu nəticələr də qeydə alınacaq. Kollektivdə istək və mübarizə olmalıdır. Çünki hər kəs "Neftçi" kimi böyük klubda oynadığını bilməlidir.
- "Neftçi" son olaraq ölkə kubokunun 1/4 final mərhələsində "Sumqayıt"ı 3:2 məğlub etdi və indi onları cavab görüşü gözləyir. Yəqin ki, yarımfinala adlamaq şansını əldən verməzlər?
- Elə "Sumqayıt"a qarşı dediyim istək və mübarizəni görmək olardı. Onun da nəticəsində qələbə qazandılar. Fikrimcə, evdəki oyunda da "Neftçi" qalib gələrək yarımfinala adlayacaq. Bu şansı əldən verəcəklərini düşünmürəm.
- "Neftçi" "Sumqayıt" səddini keçərsə, yarımfinalda böyük ehtimalla "Qarabağ"la qarşılaşacaq. Ağdam təmsilçisi ilk görüşündə "Sabah"ı 7:1 hesabı ilə məğlub edib. Belə olacağı təqdirdə, "Neftçi"nin finala adlamaq şansı azalır?
- "Qarabağ"a qarşı oyunlar çox çətin keçəcək. Amma Miodraq Bojoviç çox təcrübəli məşqçidir. Məncə, "Qarabağ"la oyunlarda Bojoviç öz təcrübəsini göstərəcək və "Neftçi" qalib gələ biləcək. Çünki bu cür oyunlarda baş məşqçinin təcrübəsi önəmli rol oynayır. Hər halda, hadisələri qabaqlamayaq. Görək necə olacaq.
- Miodraq Bojoviçin ilk mətbuat konfransında da onun qarşısına ölkə kubokunu və Premyer Liqada gümüş medal qazanmaq vəzifəsi qoyulduğu bildirilmişdi. Səncə, bunlar realdır?
- Əgər Bojoviçin qarşısına bu məqsəd qoyulubsa və o da bunu qəbul edibsə, demək ki, yerinə yetirməlidir. İkinci yer üçün artıq çox yaxşı şans var. Bununla yanaşı, ölkə kubokunu qazanmalıdır. "Neftçi"nin yaxşı oyunçuları, həmçinin yaxşı baş məşqçisi var. Bojoviçdən gözlənilənlər baş verməsə, onda problem olacaq. Amma ümid edirəm ki, hər şey çox yaxşı alınacaq və "Neftçi" yuxarılarda yer alacaq.
Mirbağırağa
saytlarin hazirlanmasi