AFFA klub nümayəndələrini barışa dəvət etdi - Barış Şimşek məhşər ayağında

12:49 - 2 Fevral 2024

Tarixən ölkəmizdə yaxşı hakimlər olsa da, bizim nəsil gözünü açandan bizdə hakimlik həmişə problem olub. Hakimliyə görə yarımçıq qalan çempionat da görmüşük, yarımçıq qalan oyunlar da. 

Deyilənə görə, bir ara ədaləti təmin etmək üçün qarşılaşan klubların hər biri hakimə 5 min manat verib ki, tərəfkeşlik etməsinlər, nə var onu idarə etsinlər. Amma bu da çox çəkməyib. Görüblər ki, belə də alınmır. 

Hakimliyə nəzarət AFFA-nın keçmiş baş katibi Elxan Məmmədovun əlinə keçər-keçməz bu sahəyə də əcnəbi gətirib. O başqa mövzudur ki, xarici vətəndaş vurğunu olan sabiq baş katib harada boş yer görürdüsə, ora ya əcnəbilər təyinat alırdı, ya da Məmmədovun dostları. Söhbət konkret hakimlikdən gedirsə, bu işdə əcnəbilər də çarə ola bilmədilər dərdimizə. Bir neçə il Ştuxlik əsəblərimizlə oynadı, indi də Barış Şimşek "başımızın altına yastıq qoymaqla məşğuldur".

Belə düşünmək olardı ki, VAR tətbiq olunmağa başlayanda hakimlərin işi yüngülləşəcək, əvvəlki illərlə müqayisədə daha yaxşı idarəçilik görəcəyik. Amma nə hikmətdirsə, VAR gələndən hakimlik nəinki yaxşılaşıb, olduğundan da geriyə gedib. 

Xüsusən, bu mövsüm hakimlik bərbad səviyyəyə enib. Özbaşınalıq, xaos... Elə bil, hərə öz bildiyi, hərə öz istədiyi kimi idarə edir. Baxırsan ki, oxşar epizoddu, amma hakimlər fərqli cür yozur. Sanki hər kəs özünün yazdığı qaydalarla idarə edir oyunları. 

Narazılığın artdığı bir dönəmdə AFFA-nın baş katibi Sərxan Hacıyev Hakimlər Komitəsinin sədrini qatıb qabağına gətirib klub nümayəndələrinin görüşünə. Necə deyərlər, aləmi qatmısan bir-birinə, indi çıx, cavab ver. 10 əsəbi kişinin qabağında nə desin bu biçarə... Narazı olmayan yoxdur, hamısının da ürəyi dolu. 

Klub nümayəndələri Barış Şimşeki məhşər ayağına çəkiblər. Türkiyəli mütəxəssis rabitəsiz cümlələr, qırıq-qırıq fikirlərlə birtəhər nəsə izah etməyə çalışıb. Səhvləri etiraf edib, gələcəyə nikbin baxmağa çağırıb iştirakçıları. Yüzə dözən, yüz birə də dözər. Görək, Barış əfəndiylə bizi qarşıda daha nələr gözləyəcək.

Həmid

Xəbər xətti