Ötən mövsüm "Qarabağ"la çempionluq mübarizəsi aparan "Sabah"dan gözləntilər böyük idi. Çoxumuz nəhayət ki, Premyer Liqada "Qarabağ"a bab komandanın peyda olduğunu düşünmüşdük. Amma həmin möhtəşəm çıxışın davamı gəlmədi. Bu mövsüm yaşanan uğursuzluqların məntiqi sonluğu kimi "Sabah"ın baş məşqçisi Murad Musayev getmək qərarı verdi, qalıb mücadilə etməkdə məna görmədi. "Qarabağ"la oyundakı 1:7 hesablı məğlubiyyətlə barışa bilmədi.
"Sabah"ın uğursuz çıxışı barədə çox danışılıb. Bunu müxtəlif səbəblərə bağlayan, ayrı-ayrı adamların ayağına yazanlar var. Nəticəyə təsir eləyən əsas səbəb kimi transfer çalışmaları zamanı yeni gələnlərin gedənlərin yerini doldura bilməməsi göstərilir.
Problemin iki tərəfi var. Birincisi, gedənlərin saxlanılmamasıdır. Kaşukun gedişi qaçılmaz idisə, Mikels, Ba kimi liderlərin əmək haqqısını bir qədər artırmaq şərti ilə saxlamaq olardı. İkincisi, yeni gələnlərdi. Yayda heyətə qatılanlardan demək olar ki, heç biri "Sabah"a gözlənilən faydanı vermədi.
Gedənlərdən danışılarkən, komandada qalan liderlərin performansında olan düşüşə də diqqət yetirmək lazımdır. Məsələn, Letiç. Axı, "Sabah"ın ötən mövsümkü uğurlu çıxışının səbəbkarlarından biri də Letiç idi. Sol cinah müdafiəçisi mövqeyində çıxış etməsinə baxmayaraq, az qala vinger kimi oynayan, komandanın hücum potensialına güc qatan serb bu mövsüm özünə bənzəmir.
Bunun bir neçə səbəbi ola bilər. Letiçin oyununa mənfi təsir göstərən əsas məqam Mikelslə Banın gedişi oldu. Çünki Letiçlə eyni cinahda çıxış edən Mikels özü ilə mərkəzə futbolçu aparıb cinahı serb üçün məharətlə boşalda bilirdi. Bu ikilinin yaxşı anlaşması nəticəsində Letiç gah müdafiəçi, gah vinger, gah da yarımflanq mövqeyində peyda olurdu. Sistematik xaos hesabına rəqib müdafiəsini pərən-pərən salırdılar. Bu sistemdə mərkəz müdafiəçisi Banın roluna gəlincə, Letiçin dördlü müdafiədə yerini qoyub xeyli irəli çıxması digər arxa xətt oyunçularının hesabına mümkün olurdu. Letiçin mövqeyinə İrasabal düşürdüsə, Ba ispanın yanına, digər cinah müdafiəçisi Amin Seydiyev də mərkəzə sıxlaşmağa başlayırdı. Burada sinxronluq, bir-birini düzgün sığortalamaq bacarığı olduqca vacibdir. İndi isə nə Mikels var, nə Ba, nə də İrasabal əvvəlki kimi oynayır.
Müqaviləsini artırmağa tələsməyən Murad Musayev qış fasilə ərəfəsindəki açıqlamalarının birində daha əvvəlki "Sabah"ı görə bilməyəcəyimizi demişdi. Çox keçmədi ki, istefa ərizəsini də yazdı. Təbii ki, dünyanın sonu deyil. Səhvlərdən nəticə çıxarıb yenidən yaxşı komanda qurmaq mümkündür. Amma bir şey dəqiqdir ki, ötən mövsümkü "Sabah" üçün çox darıxacağıq. Yaxşı komandanın ömrü uzun çəkmədi.
Həmid
saytlarin hazirlanmasi