"Neftçi"nin braziliyalı müdafiəçisi Yuri Matias Rumıniya mətbuatına müsahibə verib. Sportal.az "Prosport"a istinadən xəbər verir ki, müdafiəçi Azərbaycan və Rumıniya çempionatlarını müqayisə edib, Adrian Mutu və “Qarabağ”dan danışıb.
- Bakıda özünüzü necə hiss edirsiniz?
- Məni burada çox yaxşı qarşıladılar. Gəldiyim gündən bu yana hər şey asan alındı. Çünki Adrian Mutu burada idi. Onunla rumın dilində danışa bilirdim. İndi də hər şey yaxşıdır. Mən burada olduğum üçün xoşbəxtəm. Bakı şəhəri çox gözəldir. Düzdür, hava çox da yaxşı deyil, burada güclü külək əsir. Amma biz buna öyrəşmişik.
- Azərbaycan futbolu Rumıniya futbolundan nə ilə fərqlənir?
- Rumıniyada daha çox qol vurulur. Orada müdafiə haqqında çox da düşünmürlər.
- Yeri gəlmişkən, siz kifayət qədər məhsuldar müdafiəçisiniz...
- Hazırda mənim aktivimdə 4 qol var. Razıyam. Ötən mövsüm 6 qol vurmuşdum, indi hamı deyir ki, ən azı bu qədər qol vurmalıyam. Amma müdafiəçi üçün qol vurmağın necə çətin olduğunu başa düşürəm.
- Rumıniyaya nə vaxtsa qayıdacaqsınız?
- Bilmirəm. Hər şey mümkündür. Bunu ancaq Allah bilir. Düşünürəm ki, orada çox yaxşı iz buraxmışam, bəlkə də gələcəkdə Rumıniyaya qayıdacam. Amma bilmirəm, Rumıniyanın hansısa klubu mənə “Neftçi”də aldığım məbləği ödəyə biləcək ya, yox?
- "Neftçi"də nə qədər qazanırsız?
- Rumıniyada burada aldığım qədər çox şey almaq çətin idi. Bəli, bu mənim ən yüksək maaşımdır.
- Adrian Mutu “ÇFR Kluj”la anlaşdıqdan sonra onunla əlaqə saxlamısınız?
- Xeyr. Ona mesaj yazaraq uğurlar arzuladım. Amma Mutu baş məşqçi təyin edildikdən sonra “ÇFR Kluj”dan olan bir çox keçmiş komanda yoldaşlarımla danışmışam.
- Onun necə məşqçi olduğunu soruşublar?
- Bəli, onlar da bu barədə soruşdular. Onun haqqında ancaq yaxşı şeylər deyə bilərəm. Mən Mutu ilə işləməkdən həzz alırdım.
- Mutu necə insandır?
- Sözü birbaşa insanın üzünə deyən biridir. Bir şey xoşuna gəlmirsə, üzünə deyirdi. Həm də topa nəzarət etmək ideyasını bəyənirəm.
- "ÇFR Kluj"da "Neftçi"dən daha çox təzyiq var?
- "ÇFR Kluj” çox güclü komandadır, həmişə kuboklar və çempionluqlar üçün mübarizə aparır. Orada təzyiq yoxdur. Kubok uğrunda mübarizə aparmaq əladır. Amma “Neftçi” təzyiq altındadır. Bu, ölkənin ən böyük klubudur. Ancaq artıq 10 ildir ki, çempionatda eyni müddət ərzində avrokuboklarda çıxış edən “Qarabağ” dominantlıq edir. Ümid edirəm ki, biz ikinci yeri tuta biləcəyik. “Qarabağ”ı məğlub etmək çox çətindir.
- Azərbaycanda Mutunu sevmirdilər?
- Belə deməzdim. Amma o, yay toplanışını komanda ilə keçməmişdi. “Neftçi”yə gələndən bir həftə sonra komandanı yoldaşlıq görüşünə çıxardı. Digər problem odur ki, çempionatda cəmi 10 komanda var və onların hər biri ilə 4 dəfə oynamaq lazımdır. Yaxşı matçlar da olur. Amma “Qarabağ” kimi komanda var və onların heyətində də yaxşı oyunçular yer alıb. Buna görə də hələ ki, daha çox şeyə nail olmaq mümkün deyil.
- "Neftçi" azarkeşlərinin ona münasibəti necə idi?
- Hər komandada olduğu kimi, 2-3 matçda uduzursansa, istefanı tələb edirlər.
saytlarin hazirlanmasi