"Səbail"in baş məşqçisi Şahin Diniyevin köməkçisi vəzifəsində çalışan Sebahettin Təkin Türkiyə mətbuatına açıqlama verib.
Sportal.az xəbər verir ki, “IHA”ya danışan türkiyəli mütəxəssis Azərbaycan Premyer Liqasındakı işindən danışıb:
"İlk növbədə qeyd etmək istərdim ki, Türkiyəni qardaş ölkədə təmsil etməkdən qürur duyuram. Şahin Diniyevin dəvəti ilə məşqçilər korpusuna daxil oldum. Çox yaxşı mövsüm keçiririk və mən xoşbəxtəm. Açığı, özümü burada Türkiyədən daha rahat hiss edirəm. İnanıram ki, Azərbaycan futbol ölkəsi olmağa doğru irəliləyir. Şahin Diniyevlə işləmək çox xoşdur.
Azərbaycan futbolu bir çox ölkələrin, xüsusən də Türkiyənin diqqət mərkəzindədir. Bir çox oyunçular Azərbaycanı Türkiyədə və başqa ölkələrdə təmsil edirlər. Məsələn, Renat Dadaşov Superliqada çox yaxşı çıxış edir. Azərbaycan millisinin bir çox futbolçusu ölkə xaricində oynayır. 10 il əvvəl hər şey başqa cür idi. Azərbaycan elə ölkədir ki, orada futbolçularla yanaşı, yaxşı məşqçilər də var. Məsələn, Şahin Diniyev. O, komandada rəqabət mühiti yaradır, futbolçuları psixoloji cəhətdən hazırlayır və inanılmaz dərəcədə motivasiya edir. Çox istedadlı məşqçidir və oyunçuları yaxşı seçir. Şahin Diniyev asanlıqla ölkə xaricində işləyə bilər”.
Bayıl klubunun məşqçisi Azərbaycan və Türkiyə futbolu arasındakı fərqi belə izah edib: "Təbii ki, Azərbaycan və Türkiyə futbolu arasında fərq mövcuddur. Amma məncə, əsas fərqlər komandaların oyunçularının sayı və maliyyə imkanlarıdır. Bununla belə, sponsorlar da Azərbaycan klublarına dəstək olurlar. Məsələn, “Səbail”in sponsoru ASKO klub üçün əlindən gələni edir. Belə sponsorların sayının artması Azərbaycanı tamam başqa səviyyəyə çıxaracaq. Zaman-zaman yerli klubların menecerləri və məşqçilərlə məsləhətlər paylaşıram. Azərbaycanda Türkiyədə işləməyə qadir olan çoxlu futbolçu və məşqçi var. Yaxın gələcəklə bağlı planlarım? Klubumdan razıyam. Müqaviləm mövsümün sonuna qədərdir. Təbii ki, karyeramla bağlı planlarım var. Amma addım-addım irəliləyirəm, gələcəkdə necə olacağını zaman göstərəcək".
saytlarin hazirlanmasi