Miodraq Bojoviç ilk məğlubiyyətini aldı - "Neftçi" Sumqayıtda sönük oynadı

18:21 - 4 Fevral 2024

Yenilənmiş Mehdi Hüseynzadə adına stadionda futbol izləmək möhtəşəm oldu. Ciddi infrastruktur problemi ilə üzləşən Azərbaycan futbolunda belə arenaların çox olması vacibdir. 

Sumqayıtdakı göz oxşayan görüntüyə yerli komandanın göstərdiyi futbol da gözə xoş gəldi. "Sumqayıt"ın istəkli oyunu qarşısında "Neftçi" boz göründü. Bojoviçin gəlişindən sonra ayrı-ayrı futbolçuların oyunundakı canlanma yenə yoxa çıxdı. 

"Neftçi" Sumqayıtda heç nə ilə yadda qalmadı. Oyunboyu boş-boşuna qaçan Boqomolskiyə düz-əməlli top gəlmədi. Hücumun cinahları da mübarizədən qopmuş vəziyyətlə barışmalı oldu. Elə buna görə də, Bojoviç birinci hissədən sonra həm Şinyaşikini, həm də Rəhman Hacıyevi əvəzlədi. Meydana yeni girənlər arasında Alfa Konte fəal olmağa çalışsa da, nəticə etibarı ilə heç nə edə bilmədi. Birinci hissəyə bənzəyən ikinci hissə də sanki bir göz qırpımında keçdi. Yalnız son dəqiqələrdə penaltidən vurulan qol "Neftçi"ni fəallaşdıra bilərdi ki, onda da vaxt yetərli olmadı, oyun bitdi. 

Beləliklə, Miodraq Bojoviç Azərbaycanda ilk məğlubiyyətini aldı. "Neftçi" Sumqayıtda çox sönük göründü. Qarşıda bu komandaları ölkə kubokunda 1/4 finalın cavab oyunu gözləyir. "Neftçi"nin bir top üstünlüyü var. Amma həmin matçda da belə oynasalar, Bojoviçin kuboku qazanmaq arzusu da vaxtından çox tez bitmiş olacaq. 

Həmid

Xəbər xətti