İlqar Qurbanov "Bazel"in skautları ilə görüşdü - "Bir futbolçuya eyni vaxtda klubun 4-5 skautu baxır"

21:43 - 4 Fevral 2024

AFFA-nın milli komandalarının skautu İlqar Qurbanov klubların qış hazırlığı dönəmində Antalyaya səfər edib. Federasiya rəsmisi futbolda idarəçilik və skautinq mövzusunda seminara qatılıb. 

İlqar bəy Antalyaya səfəri zamanı həm də "Bazel"in skautları ilə görüşüb, onların iş prinspiləri ilə tanış olub. 

Sportal.az saytına açıqlama verən İlqar Qurbanov görüşlə bağlı bunları deyib:

"Ötən il "Ludoqorets"in düşərgəsində olmuşdum. Bu il isə "Bazel"in skautları ilə səmərəli görüşüm alındı. Onların maraqlı iş prinsipləri var. Əsas üstünlüyü oyunçu satmağa verirlər. Bu da klubun maliyyə baxımından ayaqda qalması üçün vacib amildir. 

Diqqətimi çəkən məqamlardan biri "Bazel"in gənc oyunçulara yanaşmasıdır. Perspektivli futbolçu olanda onu əsas komandaya cəlb edirlər. Lakin gənc oyunçunun istedadını açmadığını görəndə,  ona 3-4 il şans vermirlər. Həmin futbolçunu icarəyə göndərib, onun yerinə aşağıdan gələn yeni istedada şans yaradırlar. 

"Bazel"in skautinq bölməsində xeyli sayda əməkdaş çalışır. Elə olur ki, bir futbolçuya eyni vaxtda klubun 4-5 skautu baxır. Sonra hər biri həmin futbolçu haqda raport hazırlayıb şef skauta göndərir. Ümumi rəyə əsasən futbolçu barədə qərar verilir.

Transfer məsələsində şef skautla baş məşqçi arasında futbola baxış və münasibətlərdə uyğunluğun olması da çox vacibdir. Bu, çox önəmli nüansdır. Onu da qeyd etməliyim ki, transfer zamanı tək baş məşqçinin istəyi yox, sözügedən futbolçunun klubun strategiyasına uyğun olub-olmamağı önəmli rol oynayır".

Xəbər xətti