Ötən yay ölkəmizi Konfrans Liqasında təmsil edən "Sabah" ilk mərhələdə Latviyanın RFS klubuna rəqib olmuşdu. Mərhələni səfərdə 2:0, evdə 2:1 hesabı ilə qələbə qazanan təmsilçimiz adlamışdı. Məğlubiyyətə baxmayaraq, RFS-nin heyətində bəzi futbolçular yaxşı oyun sərgiləmişdi. Belə oyunçulardan biri də serb hücumçu Andrey İliç olmuşdu.
Sportal.az-ın əldə etdiyi məlumata görə, bu futbolçu azərbaycanlı agentlərdən birinin marağını çəkib. İliç klublarımızdan birinə təklif olunsa da, serb oyunçu bizimkilərə maraqlı gəlməyib. Halbuki təxminən 300 min avro qarşılığında İliçi gətirmək mümkün idi.
İliç RFS-də çox qalmayıb. Elə ötən yay Norveçin "Valerenqa" klubuna transfer olunub. Cəmi yarım mövsüm sonra serb hücumçu Fransaya yollanıb. Bir neçə gün əvvəl "Lill" onunla müqavilə imzalayıb. Qeyd edək ki, Andrey İliçin "Valerenqa"dan "Lill"ə transferi 3,7 milyon avroya gerçəkləşib.