"Yuxarı pillələrlə aramızda xal fərqi o qədər də çox deyil, hər an vəziyyət dəyişə bilər"

21:42 - 7 Fevral 2024

"Turan Tovuz"un qolkiperi Aydın Bayramov Sportal.az saytına açıqlama verib.

Tovuz klubunun qapıçısı Premyer Liqanın 21-ci turunun "Sabah"la görüşü haqda fikirlərini bildirib:

"Biz hər oyuna qələbə üçün çıxırıq. Maksimumuzu meydanda qoymağa çalışırıq. Ancaq bu cür ağır oyunlarda qələbə qazana bilmirsənsə, gərək uduzmayasan. Biz də onu bacardıq. Hər halda, "Sabah"la səfərdə bərabərə qaldıq, normaldır. Əsas məqsədimiz xal və ya xallar qazanmaqdır. Şadam ki, biz bu turu da xalla başa vurduq. "Sabah"la oyunlar hər zaman ağır keçir. Hər halda, xal qazanmağı bacardıq".

Bayramov, komandasının turnir cədvəlinin 8-ci pillədə qərarlaşmasına və ölkə çempionatının 22-ci turunda "Qəbələ" ilə qarşılaşmadan gözləntilərini bölüşüb:

"Bəli, hazırda 8-ci pillədəyik. Lakin yuxarı pillələrlə aramızdakı xal fərqi o qədər də çox deyil. Hər an vəziyyət dəyişə bilər. Bu mənada, çox maraqlı çempionat gedir. Komandalar arasında xal fərqləri azdır. Sonda necə olacağını hamımız görəcəyik. "Qəbələ" ilə doğma meydanımızda, öz azarkeşlərimizin qarşısında oynayacağıq. Lakin ağır oyun olacağı dəqiqdir. Onlar da hər oyuna son oyun kimi çıxırlar. Çalışacağıq ki, həmişəki kimi maksimumuzu qoyub, azarkeşlərimizi sevindirək. Ümid edirəm ki, hər şey istədiyimiz kimi olacaq".

Mirbağırağa

Xəbər xətti