"Qəbələ"nin müdafiəçisi Lukas Afriko Sportal.az saytına müsahibə verib.
- "Qəbələ" son turda "Zirə" ilə 1:1 hesablı bərabərə qaldı. Səncə, komanda daha çoxuna layiq idi?
- Üç xalı istədiyimiz üçün bu görüşdəki nəticənin bizi tam qane etdiyini deyə bilərəm. Amma “Zirə” ilə oyunda xal almaq da yaxşı idi. Təkcə xala görə yox, həm də komandamızın meydanda göstərdiyi oyuna görə. Yaxşı oyun nümayiş etdirə bildik.
- Ülvi İsgəndərovun uzaq məsafədən vurduğu qolu necə, bəyəndin?
- Onun vurduğu qolu çox bəyəndim. Sadəcə fantastik qol idi. Onun hansısa oyunda artıq belə qol vura biləcəyini gözləyirdim. Çünki o, ilk dəfə deyil ki, belə qol vurmağa cəhd edir. Nəhayət ki, bu mövsüm də bunu etdi.
- Səhv etmirəmsə, bu oyunda dayaq yarımmüdafiəçisi mövqeyində çıxış etdin. Bu haqda nə deyəcəksən?
- Bəli, “Zirə” ilə oyunda yarımmüdafiəçi kimi çıxış etdim. Həmin mövqedə oynamaqdan həzz aldığımı deyə bilərəm. Fikrimcə, yaxşı oyun göstərdiym. Mənim ilkin mövqeyim müdafiədir. Amma komandaya kömək etmək üçün baş məşqçi məndən fərqli oyunlarda yarımmüdafiəçi kimi istifadə etmək qərarına gəlsə, buna hazıram.
- "Qəbələ"ni qarşıda "Araz-Naxçıvan"a qarşı oyun gözləyir. Birinci oyundakı nəticə sizə motivasiya verir? Səncə, "Qəbələ" növbəti mərhələyə vəsiqə qazana biləcək?
- Bilirik ki, asan oyun olmayacaq. Biz həmişə olduğu kimi “Araz-Naxçıvan”a hörmətlə yanaşırıq. Amma mən komandamızın bacarığına inanıram. Yarımfinala çıxmaq üçün hər cür imkanımız var. İnanıram ki, sona qədər mübarizə aparacağıq və istədiyimizə nail olacağıq.
- "Araz-Naxçıvan" "Qəbələ" üçün nə dərəcədə keçilməz rəqibdir?
- “Araz Naxçıvan” çox yaxşı komandadır. Yaxşı futbolçulara sahibdirlər. Onlar çempionatı yaxşı səviyyədə keçirirlər. Amma bizim də çox yaxşı komandamız var, oyunçularımızın imkanlarını bilirəm. İki komanda arasında çox yaxşı oyun olacaq.
- "Qəbələ" ölkə çempionatında mükafatçılar sırasına yəqin ki, düşə bilməyəcək. Ölkə kubokunda kuboku qazanmaq sizin üçün daha yaxşıdır? Bu, nə dərəcədə realdır?
- Çempionatda oynayacağımız daha 48 xal var. Qarşıda hələ çox oyun bizi gözləyir. Ardıcıl müsbət nəticələr əldə edərək, cədvəldə çox irəliləmək imkanımız olacaq. Kuboka gəldikdə, bəli, bu realdır və biz finala qədər irəliləyə bilərik. Futbolda hər şey mümkündür. Düzünü desəm, bizim buna imkanımız var.
Elçin Əlixan
saytlarin hazirlanmasi