"Nə vaxtsa, mənim də bəxtim gətirməli idi" - MÜSAHİBƏ

14:17 - 15 Fevral 2024

"Sumqayıt"ın qolkiperi Mehdi Cənətov Sportal.az saytına müsahibə verib.

- "Zirə"yə qarşı oyununuz necə alındı? Bir xal sizi razı saldı, yoxsa üç xal istəyirdiniz?

- Oyun olduqca maraqlı keçdi. Hər iki komanda qol vura bilərdi. Bu oyunda bir növ səhv edən komanda uduzacaqdı. Amma hər iki komanda etibarlı oynadı. Sonda bərabərlik qeydə alındı. Nəzərə alsaq ki, "Zirə" az qol buraxır, onları məğlub etmək çətindir.

- Bu matçda qələbə qazanmağınıza səbəb nə oldu? Ola bilər ki, "Neftçi" ilə kubok görüşündən sonra yorğunluq hiss edilirdi?

"Zirə"yə qarşı oynadığımız kimi oynasaq, nəticə mütləq olacaq. Qollar oyundan gəlir. Biz də bunun üçün çalışırıq. 

- Qapınıza penalti təyin ediləndə, nə düşündün? Qismət Alıyev topa yaxınlaşanda, nə düşünürdün?

- Nə vaxtsa, mənim də bəxtim gətirməli idi(gülür). Nədənsə, qol olmayacağından əmin idim. Ona görə də sakit idim. Şadam ki, qapımın toxunulmazlığını qorudum.

- "Sumqayıt" hazırda ikinci pillədə qərarlaşıb. Bu, özünüz üçün gözlənilməzdir? İkinci pillədə qalmaq sizin üçün realdır?

Hər şey tez bir zamanda dəyişə də bilər. Arxayınlaşmaq olmaz. Yalnız oyunlara maksimum fokuslanmalıyıq. Biz azarkeşlərimizi sevindirməyə çalışacağıq. Onlar bizim 12-ci oyunçumuzdur. Onları sevindirəndə çox sevinirik.

- Turnir cədvəlinə "Qarabağ" başçılıq edir. Onlar sizi 16 xal qabaqlayır. Yəqin ki, sizin üçün onlarla mübarizə aparmaq çox çətindir?

Son 10 ildə "Qarabağ" stabildir. Digər komandalar üçün onlarla rəqabət aparmaq isə çox çətindir. Təbii ki, çempionluq uğrunda mübarizə aparmaq istəyərdik. Amma bu, çox çətindir. Burada çox faktorlar önəmli rol oynayır. Hər halda, biz əlimizdən gələni edirik.

- Qarşıdakı turda "Turan Tovuz"la qarşılaşacaqsınız.  Onlar son oyunda qələbə qazanmağı bacarıblar. Tovuz klubuna səfərdə qalib gəlmək mümkündür?

- "Turan Tovuz"la yeni stadionumuzda oynayacağıq. Ümid edirəm və inanıram ki, "Neftçi" ilə oyundakı kimi, tribunalar dolu olacaq. Biz də bu oyunda maksimum nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Başqa cür ola da bilməz. 

Mirbağırağa

Xəbər xətti