"Qarabağ"ın tarixində parlaq nəticələr az olmayıb. Çempionlar Liqasında "Atletiko" ilə heç-heçələr, "Nant" və "Olimpiakos" üzərində irihesablı qələbələr və s. Ancaq "Qarabağ"dan gözləntilər həmişə böyük olub, böyüməkdə davam edib.
Azərbaycan futbolunda xeyli ilklər yazan "Qarabağ" daha birinə Braqada yaxınlaşdı. İlk dəfə Avropa Liqasında pley-off-a çıxan Ağdam klubu mərhələ keçməyə yaxındı. Bunu deməyə səfərdə "Braqa" üzərində qazanılan 4:2 hesablı qələbə əsas verir.
Bir çox mütəxəssislər o fikirdəydi ki, "Qarabağ" ilk dəqiqələrdə qol buraxmasa, təzyiqə tab gətirsə, səfərdən münasib nəticəylə qayıtması mümkün olacaq. Əslində, matçın əvvəllərində meydan sahiblərinin şiddətli pressinqinə şahidlik etmədik. Buna baxmayaraq, "Qarabağ"ın futbolçularında müəyyən həyəcan hiss olunurdu. Komandanın oyununda alışmadığımız qədər qeyri-dəqiq ötürmələr məhz bundan xəbər verirdi. Maraqlıdır ki, "Braqa" da matçın əvvəlini təxminən belə keçirirdi. Fərq onda idi ki, "Braqa" qapıya zərbələr endirirdi, bizimkilər isə yox.
Görüşün 21-ci dəqiqəsində Marko Yankoviçin penalti zərbəsindən vurduğu qol "Qarabağ"ı xeyli rahatladı. Məhz bu qoldan sonra fəallaşan təmsilçimiz hücumda daha təhlükəli olmağa başladı.
"Munisipal"da min möhtəşəm günəş kimi saçan Yankoviç o qədər parlaq oyun ortaya qoydu ki, hətta "Braqa"lı azarkeşlər də heyrət etdilər ona. Dubl edən Zubir də, həmişəki kimi fəal olan Elvin Cəfərquliyev də, rəqibin hücumlarını məharətlə oxuyan Bədavi Hüseynov da yaxşı matç keçirənlərdən idi. Qəribə səslənəcək, amma buralara qədər haqqında ağızdolusu danışdığımız Andrey Lunyov ən zəif bənd təsiri bağışlayırdı. O, standart vəziyyətdən buraxdığımız bərabərlik qolunda da inamsız oynadı. Bundan sonra "Braqa" xeyli fəallaşsa da, fasiləyə heç-heçə ilə yollanmağa nail olduq.
İkinci hissə sadəcə MÖHTƏŞƏM alındı. Bir-birini sıralayan hücumların məntiqi nəticəsi kimi Zubir yenidən "Qarabağ"ı hesabda irəli çıxardı. Ardınca matçboyu o qədər də gözə dəyməyən Juninyo İnzaqisayağı qola imza atdı. Zubirin daha bir qolu Braqa gecəsini nağıla çevirdi bizlər üçün. Hətta 5-ci qolu da vura bilərdi "Qarabağ". Di gəl ki, gənc Nəriman Axundzadənin bir az təcrübəsi, bir az da soyuqqanlığı çatmadı fərqlənmək üçün. Düzdü, buna qədər qapımızda penaltidən bir qol görmüşdük. Olsun, səfərdə 4-2 hesablı qələbə də əladı.
Oyundan qabaq kimə desəydin, bəlkə də gülərdi, inanmazdı belə nəticəyə.
Hələ heç nə həll olunmayıb. "Qarabağ"ı çətin ev matçı gözləyir. Amma o vaxta qədər bu qələbənin kefini çıxarmaq da bizim haqqımızdı.
"Qarabağ" Bakıdan Braqaya təxminən 7 saat yol qət etmişdi. Amma əslində bu yol 7 saat yox, daha çox çəkmişdi. Düz 10 il. İlk dəfə qruplara düşəndən, Braqadakı tarixi parlaq qələbəyə qədər gedən 10 illik yol.
Həmid