Futbol eksperti Asıan Kərimov Sportal.az saytına müsahibə verib. 51 yaşlı mütəxəssis "Qarabağ"ın Avropa Liqası pley-mərhələsinin "Braqa" ilə oyununu dəyərləndirib:
- "Qarabağ"ın "Braqa" ilə oyununu necə dəyərləndirirsiniz?
- "Qarabağ"ın oyununu yaxşı dəyərləndirirəm. Komanda istədiyinə nail ola bildi. Hər iki komandanın daxili çempionatdakı son oyunları heç də ürəkaçan deyildi. "Qarabağ" iki oyunda 7 top, "Braqa" isə bir oyunda 5 top buraxmışdı. Bu da bizə əsas verirdi ki, müdafiə xəttində problem olacaq. Kevin Medinanın yoxluğu da bizi düşündürürdü. Amma "Qarabağ" doğru strategiya seçdi, yüksək pressinq etdi. Rəqib bu pressinqdən çıxandan sonra isə arxaya çəkilib qapanmağı bacardılar. "Qarabağ" rəqibə o qədər də qol imkanı vermədi. Əsasən də ikinci hissədə. "Braqa" isə müdafiə xəttində həddindən artıq kobud səhvlərə yol verdi. Bu səhvlərin nəticəsində "Qarabağ" 4 qol vurmağı bacardı. İlk hissədə penaltidən sonra "Braqa" təmsilçimizi öz qapısına sıxmağı bacarmışdı. Bunun nəticəsində hesabı bərabərləşdirdilər. Amma ikinci hissədə müdafiədəki riskli ötürmələrin sayəsində top itkilərinə yol verdilər və əks-hücumlarda qollar buraxdılar.
- Belə nəticə gözləyirdiz? "Qarabağ" rəqibi nələrdə qabaqladı?
- "Qarabağ" 4 qol vuracağını gözləmirdim təbii ki. Amma hər iki komandanın qol vuracağı mənim üçün açıq-aşkar görünürdü. Bayaq qeyd etdiyim kimi son oyunlarda komandaların ikisinin də müdafiəsində boşluqlar var idi. "Braqa" ümumiyyətlə arxada çox riskli ötürmələr edən komandadır. Belə oyun oynayırsansa, hansısa epizodda rəqib sənə yaxşı pressinq edib, topu alıb qapına qol vura bilir. "Qarabağ"ın cinah ötürmələrindən sonra da rəqibin problemlər yaşadığı görünürdü. Oyundan öncə desəydilər ki, "Qarabağ" 4 qol vuracaq, buna inanmazdım.
- Cavab matçından gözləntiləriniz nədir? Şansları necə dəyrləndirirsiniz?
- Səfər qolu amili olsaydı, "Qarabağ" üçün daha rahat olardı. "Braqa" elə komandadır ki, 2 top fərqini aradan qaldıra bilər. "Qarabağ" Polşa, Çexiya təmsilçilərinə qarşı oynasaydı, düşünərdim ki, onlar üçün 2 qol vurmaq çətin olar. Çünki, belə komandalar hər zaman ikinci nömrə ilə oynayırlar. "Braqa" isə daha çox öndə oynamağı sevən, böyük qüvvə ilə hücuma çıxan komandadır. Onların 2 top vurmaq şansı daha çoxdur. Heyətlərində Portuqaliya, İspaniya millilərinin oyunçuları var. Mənə elə gəlir ki, "Braqa" Bakıdakı oyunda birinci hissədə böyük qüvvə ilə hücuma edib ilk qolu vurmaq üçün çalışacaq. Cinah ötürmələrindən çox istifadə edəcəklər. Belə olan halda "Qarabağ" üçün əks-hücumlar qurmağa şərait olacaq. Səfərdəki matçın ilk hissəsində olduğu kimi. Bunun qarşısını almaq "Braqa" üçün çox çətin olacaq. Fikrimcə, ya böyükhesablı nəticə qeydə alınacaq, ya da oyun bərabərliklə bitəcək.
- "Qarabağ" üstünlüyünü qorumaq və mərhələni keçmək üçün əsas nələrə diqqət etməlidir?
- "Qarabağ" üstünlüyü qorumaq üçün yenə də pressinq etməli olacaq. Meydanın mərkəzini bağlamaq lazımdır. Çünki, rəqibin mərkəz xəttində çox yaxşı oyunçuları var. Pressinqin sayəsində Azərbaycan təmsilçisinin qol şansları olacaq. Yüksək pressinqlə rəqibi səhv etməyə məcbur etmək və əks-hücumlar təşkil etmək əsas şərtlərdəndir. Mənə elə gəlir ki, "Qarabağ" bu cür oynayacaq. Belə oynayacaqları halda isə mərhələni adlayan tərəf biz olacağıq. Düşünmürəm ki, "Qarabağ" 2 top fərqini əldən versin. Bu qədər yaxın olub şansı əldən vermək bağışlanılmaz səhv olar.
Elçin Əlixan
saytlarin hazirlanmasi