"Turan Tovuz"un müdafiəçisi İsmayıl Zülfüqarlı Sportal.az saytına müsahibə verib.
- "Turan Tovuz" bu gün "Sumqayıt"la qarşılaşacaq. Komanda "Qəbələ" qələbəsindən sonra yəqin ki, qələbənin ardını gətirmək istəyəcək?
- Həftəboyu yaxşı hazırlaşmışıq. Məşqlər zamanı da baş məşqçinin tapşırıqlarını dəqiq yerinə yetirməyə çalışmışıq. Bu oyunda da uğurlu nəticə qazanmaq istəyirik. Təbii ki, rəqibimiz güclüdür, ikinci pillədədir. Amma bizim də çox yaxşı komandamız var və sona qədər mübarizə aparacağıq.
- Artıq "Turan Tovuz"un oyun stilinə, ümumilikdə komandaya tam adaptasiya olmusan? Hər halda, ən çox çətinlik çəkdiyin məqam, ev oyunlarınızı süni örtüklü meydanda keçirməyiniz oldu...
- Komanda mən və Fəridi çox yaxşı qarşıladı. Elə qarşıladılar ki, sanki uzun zamandır bu komandada oynayırıq. Bu mənada, adaptasiya tez keçdi. Oyun sisteminə gəldikdə, mənim üçün uyğun və bildiyim sistemdir. Meydançamız süni örtüklü olmasaydı, daha yaxşı idi. Çünki süni örtüklü meydançanın öz çətinlikləri və ziyanı var. Çalışırıq ki, zədələrdən qorunaq.
- "Turan Tovuz"da start heyətində oynayırsan. Demək olar ki, tam olaraq Ayxan Abbasovun etimadını qazanmısan?
- Komandamızda güclü rəqabət var. Kim yaxşı məşq edir, özünü yaxşı tərəfdən göstərirsə, baş məşqçimiz də ona şans verir. Start heyətində oynamaq üçün hər həftə mübarizə aparmalıyıq. Ancaq arxayınlıq olmamalıdır. Daha çox işləmək və daha yaxşı oynamaq lazımdır.
- Amma daha bir maraqlı məqam da orasındadır ki, meydana start heyətində çıxsan da, baş məşqçi hər oyunun sonlarında səni əvəzləyir. Bu nə ilə əlaqədardır? Taktiki gedişlərdir, yoxsa yorğunluq olur?
- Bu baş məşqçimizin qərarıdır və ona da hörmətlə yanaşıram. Məncə, bu suala baş məşqçimiz cavab versə, daha düzgün olardı.
- "Turan Tovuz" son turda "Qəbələ" ilə görüşdə qələbə qazanmışdı. Həmin matç sizin üçün necə alınmışdı?
- Biz həmin oyuna çox yaxşı hazırlaşmışdıq. İstədiyimiz kimi oyunu idarə edə bilirdik, qol epizodlarımız çox oldu. düşünmürəm ki, ikinci hissə birinci hissəyə nisbətən pis oynadıq. Sadəcə qol epizodlarından istifadə edə bilmədik. Rəqib qol vurduqdan sonra təzyiqi artırdı. Ancaq ümumi olaraq, oyun bizim istədiyimiz kimi keçdi.
- Komandanız hazırda 8-ci pillədədir. Gücünüz imkan verəcək ki, yuxarı pillələrə qalxasız?
- Komandada inam və ən əsası oyun var. Bunun da bizi irəliyə aparacağına inanırıq. Əlimizdən gələni edəcəyik ki, turnir cədvəlində yuxarı pillələrə qalxaq.
- "Neftçi" və "Turan Tovuz" klubları arasında hansı fərqlər diqqətini çəkib?
- Hər bir klubun öz oyun strategiyası var. Ona görə də, klublar fərqlidir. Hansısa müqayisə aparmaq mənə düşməz.
- Hər şey qaydasında gedərsə, yeni mövsümə də "Turan Tovuz"da başlamaq istəyərdin? Yoxsa, istənilən halda mövsümün əvvəlində toplanış keçmək üçün "Neftçi"nin düşərgəsində olacaqsan?
- Mənim üçün vacib olan oynamaqdır. Mövsümün sonunda "Neftçi"yə qayıdacam və klubla, baş məşqçi ilə danışıb hər şeyi aydınlaşdıracağıq. İndi isə bütün fikrim qarşıdakı oyunlara yönəlib.
Mirbağırağa
saytlarin hazirlanmasi