Portuqaliya klubunun qolkiperi: "Burada hamı "Qarabağ" haqda danışır" - MÜSAHİBƏ

15:18 - 18 Fevral 2024

"Qarabağ"ın sabiq qapıçısı, karyerasını Portuqaliyada "Torreense"də davam etdirən Vaqner da Silva Sportal.az saytına müsahibə verib. Karyerasının əsas hissəsi Portuqaliya ilə bağlı olan 37 yaşlı qolkiper Avropa Liqasının pley-off mərhələsinin "Braqa" - "Qarabağ" görüşünü dəyərləndirib. 

- "Braqa" "Qarabağ"a evdə 2:4 hesabı ilə uduzdu. Sənin üçün sürpriz nəticə oldu?

- "Braqa"nın evdə 2:4 hesabı ilə uduzması normal nəticə deyil. Nəzərə alaq ki, onlar bu mövsüm Çempionlar Liqasının qrup mərhələsinin ev oyununda “Real”a (Madrid) cəmi 1:2 hesabı ilə uduzmuşdular. Amma əla futbol oynamışdılar. "Qarabağ" “Braqa”dan bu oyunda çox üstün idi. Hətta 5:2 də qalib gələ bilərdilər. "Qarabağ"ın oyundakı üstünlüyünü nəzərə alsaq, Portuqaliyadakı nəticə sürpriz olmadı.

- Səncə, "Braqa" öz meydanında niyə "Qarabağ"la bacarmadı? 

- "Braqa" "Sportinq"ə 0:5 uduzduğu görüşdə də çox pis nəticə göstərdi. Həmin görüşdə Rikardo Horta kimi əsas oyunçularından birini də itirdi. "Braqa"nın müdafiə xəttində də müəyyən məhdudiyyətləri var idi və "Qarabağ" bundan necə istifadə edəcəyini bilirdi. Onu da etdi və qələbə qazandı.

- Oyunu canlı izləmək üçün Braqaya gedə bildin?

- Xeyr, mən oyuna gedə bilmədim. Çünki ötən gün səhər məşq etdik və Braqa şəhəri mənim yaşadığım yerdən də təxminən 3,30 saat uzaqdadır. Ona görə də heç cürə ora getməyim alınmadı. Halbuki, həqiqətən getmək istəyirdim, amma mümkün deyildi. Bəlkə də, növbəti dəfə onlarla yenidən görüşə bildik.

- Portuqaliyada bu matç və nəticə haqda nə danışırlar?

- Bəli, hamı oyun barədə fikirlərini deyir. "Braqa" ilə matçdan sonra Portuqaliyada hamı "Qarabağ"dan danışır. Özü də, ancaq yaxşı söhbətlər edirlər. Bu da məni çox sevindirir. Çünki mən burada hamıya demişdim ki, "Qarabağ" çox güclüdür. Düzdür, demirəm ki, inanmırdılar. Sadəcə bunun canlı şahidi oldular. Gördülər ki, Azərbaycan futbolu inkişaf edir və özünü Avropaya göstərir.

- "Braqa" geri dönüş edə biləcək, yoxsa “Qarabağ”ın artıq növbəti mərhələyə vəsiqə qazandığını düşünürsən?

- Düşünürəm ki, Bakıda "Braqa" üçün çox çətin oyun olacaq. "Qarabağ"a azarkeş dəstəyi olacaq. Amma "Braqa" təcrübəli komandadır. Lakin məncə "Qarabağ"ın Avropa Liqasında mərhələ adlamaq şansı daha böyükdür.

- "Qarabağ"ın heyətində ən çox kimi bəyəndin?

- Abdullah Zubiri çox bəyəndim. O, yüksək səviyyəli oyunçudur. "Braqa"ya qarşı da əla oyun nümayiş etdirdi. "Qarabağ" üçün çox önəmli biridir. Portuqaliyadakı oyunu ilə hamının diqqətini çəkdi.

Mirbağırağa

Xəbər xətti