"Dnepr" vaxtı ilə necə finala çıxmışdısa, "Qarabağ" da bu nailiyyəti əldə edə bilər"

19:22 - 18 Fevral 2024

"Qarabağ"ı gözəl və baxımlı oyuna görə təbrik edirəm. Azərbaycan çempionu özündən həm maliyyə, həm futbolçu keyfiyyəti baxımından üstün olan çox komandalardan xal alıb. "Braqa" üzərində qazanılan qələbə möhkəm kollektiv və özgüvən sayəsində idi. Rəqiblərindən çox aşağı maliyyəyə sahib olub, onları məğlub edənlər az deyil. "Qarabağ" "Braqa"ya qarşı yaxşı oynayara qalib gəldi".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu Elvin Məmmədov deyib. 

O, Ağdam klubunun Avropa Liqasının pley-off mərhələsinin "Braqa" ilə ilk oyunundakı 4:2 hesablı qələbəsini şərh edib. Bununla yanaşı, Məmmədov Azərbaycan çempionunun mərhələni adlamaq şanslarını dəyərləndirib:

"Məncə, Bakıdakı oyuna daha çətin keçəcək. Rəqib də çox ciddi hazırlaşacaq, hələ heç nə dəqiqləşməyib. Bakıda "Braqa"ya qarşı necə oynayacaqlarına daha yaxşı Qurban müəllim qərar verəcək. Hesabın fərqi yoxdur, əsas odur ki, sonda "Qarabağ" mərhələ adlasın. Tarixdə nəticə qalır, oyun deyil".

Məmmədov, "Qarabağ"ın Avropa Liqasında final şansları barədə isə belə danışıb: "Qarabağ" artıq Avropaya səs salıb. Rəqiblər onlara hörmətlə yanaşır. Təkrar olsa da, deyim, futbolda hər şey mümkündür. "Dnepr" vaxtı ilə Avropa Liqasında finala necə çıxmışdısa, "Qarabağ" da bu nailiyyəti əldə edə bilər".

Mirbağırağa

Xəbər xətti