“Zirə” ilə oyundan sonra çox narahatçılıq var idi. Bərpa ola bilmədik. Buna səbəb də, futbolçuların sıx qrafikdə yorğun olmaqları idi. Söhbət fiziki bərpadan getmir, dincəlməyə vaxtımız oldu. Futbolçular psixoloji və mental olaraq yükləniblər. Onlara təşəkkür edirəm. Bir xalın səbəbi də intizamlı oynamaqları idi. Rəqibə çox şans vermədik. Bu cür oyunlar bizim üçün normal qəbul olunacaq. Çünki “Sumqayıt” rəqiblər üçün açıq kitabdır. Bəlli start heyətimiz və onları dəyişəcək iki-üç oyunçumuz var. Oyunçularım uduzmamaq üçün hər şeyi etdilər. Udmaq üçün yetərli idi? Xeyr, yetərsiz idi. Amma futbolçularımı anlayıram. Bundan sonrakı oyunlara köklənməliyik. Ən azından yerimizi qoruyub-saxlamaq üçün əlimizdən gələni etməyə çalışacağıq. Çətin olacaq”.
Sportal.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 23-cü turunun "Turan Tovuz"la görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.
- Futbolçu tapa bilməməyiniz sizin yoxsa, rəhbərliyin problemi oldu?
- Uzun mövzudur. Rəqib bizdən aşağı pillədə idi, amma hər mövqedə yetərincə oyunçuları var. Amma bizdə 11 nəfər var və dəyişəcəyimiz oyunçular da bəllidir. Transfer sualları təkcə baş məşqçiyə aid olan məsələ deyil. Bu, qlobal problemdir. Klubun siyasətidir. Transferlər klubun imkanlarına görə olur. Bu mövsüm başımızdan yuxarı tullanmışıq.Bəlkə klub olaraq buna hazır deyildik. Amma o deyil ki, bunu əldən verəcəyik. Bundan sonrakı mərhələlər üçün hamımıza dərs olmalıdır. Ki, belə uzağa gedə bilmərik. Getsək belə, əziyyət çəkərik. Biz klub kimi buna hazır olmalıyıq. Ən azından “Turan Tovuz”un gördüyü işi görməliyik. Transfer baxımından deyirəm. Baş məşqçi olaraq hər şeydə suallar gəlir. Suallar verilir, onlara cavab vermək məcburiyyətindəyəm. Ya da, bəzi şeylərə cavab verməyəcəm. Gedib özüm 2-3 oyunçu gətirə bilmərəm. Transfer siyasəti kluba aiddir. “Sumqayıt”a neçə futbolçu lazımdır? Ən azından 4 futbolçu. Siz bunu anlayırsız. İstəyərdim ki, hamımız bunu anlayaq. Hətta mən beş futbolçu deyərdim. Bu yerə qədər gəlib çıxmışıq. Azarkeşlərimizə bir söz verə bilərəm ki, bu uşaqlarla olsa belə, bunu qorumağa çalışacağıq. Deməyim odur ki, belə əziyyətli oyunlarımız olacaq. Futbolçular robot deyil, insandılar, yüklənirlər. Biz bu gün udmaq üçün heç nə etmədik, uduzmamaq üçün nələrsə etdik.
- Transfer istəmədiz?
- İstəmədim söhbəti deyil. İstəyirik. Klub da çalışır. Sadəcə imkan çərçivəsində belədir. Fikir ayrılıqlarının olması normaldır. Mən istədiyim futbolçu bir az baha ola bilər. Bizim imkanlara görə gələn futbolçunu da mən istəməyə bilərəm. Bu cür məsələlər olur. Hamı şərh yazır ki, "Samir müəllim, transferlər lazımdır". Bu, Azərbaycanda düzgün formalaşmayan fikridir. Sanki, Samir müəllim Portuqaliyaya gedib, oyunçunu götürüb gəlməlidir. Xeyr, belə deyil. Bu gün Florentino Peres Toni Kroosu əsrin transferi adlandırıb. Amma Qvardiola "Bavariya"dan gedişinə narazı idi. Lakin klub rəhbərliyi bildirdi ki, "Bavariya"nın ənənəsinə uyğun olmadığı üçün onu satırıq. Görürsünüz, klub başqa, baş məşqçi başqa düşünür.
- "Qarabağ"la oyuna qədər toparlana biləcəksiz?
- Bütün oyunlardan qabaq toparlayacağıq. Amma futbolçular da insandır, robot deyil. Xoş olan budur ki, bu cür halsız, yorğun vəziyyətdə ən azından müdafiədə intizamı qorumağa çalışırsan. Uduzmamaq üçün bunu edirsən. Futbolçularım bunu bu gün mükəmməl etdilər. Çox qol epizoduna girmədik, bunu da başa düşürəm. Amma rəqibə də çox imkan vermədik. Milli komandaların oyunlarına görə fasilə olacaq. Həmin vaxtı yükü üstümüzdən atsaq, eyni tempdə də davam edə bilərik.
- Sizcə, nəyə görə xarici investorlar Azərbaycan klublarına, futboluna maraq göstərmir?
- Son illərdə "Qarabağ" Avropa arenasında uğurlu çıxış edir. Onların yanında da 2-3 klub olsa, bəlkə, maraq yaranar. Klublar Avropada sözünü deməlidir. Biz bütün işlərdə geridə qalırıq. Hazırda ikinci yerdəyik, yeni stadionumuz var, amma oyunumuza azarkeş yığa bilmədik. Hansı ki, azarkeşlər bizim stimulumuzdur. Bu, qlobal problemdir. Türkiyəni bizimlə müqayisə etməli deyilik. O səviyyəyə çatacağıq? Bu, sualdır. Sizin də formalaşdırdığınız rəylər düzgün deyil. Ancaq meydançada baş verən prosesləri müzakirə edirsiz. Verilişlər açılır, orada ancaq baş məşqçi, futbolçu, vəssalam. Harada görülüb ki, baş məşqçi klub yaratsın? Klub rəhbərliyini çağırın. Hansısa investorları bura cəlb etmək üçün tək klubda yox, ölkədə bəzi işlər görməlidir. Ondan sonra da futbolu ona calamalıyıq. O da xeyir qazanmaq üçün...Olacağına da inanmıram.
Mirbağırağa
saytlarin hazirlanmasi