Azərbaycan milli komandasının veteran futbolçusu Əfran İsmayılov Sportal.az saytına müsahibə verib.
- Azərbaycan millisi Millətlər Liqasında İsveç, Estoniya və Slovakiya ilə eyni qrupda mübarizə aparacaq. Püşkatma milli üçün yaxşı keçdi?
- Bəli, püşkatmaya baxdım. Onlardan da zəif komandalarla düşə bilərdik. Amma hamısı ilə əvvəllər də oynadığımız komandalardır, tanışlardır. İsveçi də, Estoniyanı da udmuşuq, Slovakiyanı da. Slovakiya özü də belə dəhşətli rəqib deyil. Dişimizə uyğun rəqiblərdir. Hamı da bizə zəif rəqib kimi baxır. Amma inkişaf etmişiksə və ya inkişaf etmək istəyiriksə, belə rəqiblərə qalib gəlməli, qrupu birinci tamamlamalıyiq.
- Bunu real hesab edirsən?
- Buna layiqik və qadirik. Yaxşı, istedadlı futbolçularımız var. Azərbaycan futbolu da günü-gündən inkişaf edir. 10-11 futbolçumuz legioner həyatı yaşayırlar. Həmin futbolçular öz klublarında da liderdilər. Məncə, o oyunçularla yaxşı nəticələr qazanmaq olar. Bu, mümkündür.
- Daha zəif rəqiblər düşərsə, necə olacaqdı?
- Zəif rəqib də düşə bilərdi, amma olmadı. Düşməyibsə, əlimizi yanımıza salmamalıyıq. Qrupa ciddi hazırlaşıb, baş məşqçini seçib, ciddi toplanış edib, matçlara ciddi hazırlaşmaq lazımdır. Azərbaycan xalqı millidən daha çox şeylər gözləyir. Son oyunlarda da millimiz Estoniyanı, İsveçi uddu. Sonlara yaxın yaxşı mübarizə apardılar. Yeni baş məşqçi də fikirləşməlidir ki, elə-belə gəlmir, hara gəlir, gözləntilər nədir? Millimizə uğurlar arzulayıram.
- Estoniya, İsveç və Slovakiyanı yenə udaraq sürpriz etmək olar?
- Sürpriz niyə? İsveçi udmuşuqsa, demək ki, yenə uda bilərik. Estoniya və Slovakiyanı da udmuşuq. Artıq sürpriz filan, bunların başını buraxmalı, inkişafda olmalı və inkişaf etməliyik. Fikirləşməliyik ki, hər rəqibə qalib gələ bilərik. Çünki artıq biz bir neçə rəqiblərə qalib gəlmişik. Qarşıdakı Millətlər Liqası qrupunda nəticə qazanmaq olar.
- Millimizin baş məşqçisi hələ ki, bilinmir. Millinin baş məşqçisi kim olmalıdır?
- Bəli, tezliklə olmalıdır. Düzdür, qərarı verənlər var, biz deyilik. Amma vaxt gedir, tezliklə baş məşqçi seçilməlidir. Yəqin fikirləşirlər ki, qərar doğru, düzgün olsun. Ki, milliyə fayda versin. Lakin vaxt gedir, baş məşqçi yığmamızı tanımalı, görməlidir, hazırlaşdırmalıdır. Kim gələcək bu bizim işimiz deyil. Vaxt azdır, mentalitet filan, fikirləşmək olar ki, yerli məşqçi gəlsin. Kim gəlirsə-gəlsin əsas odur ki, millimizə xeyirli olsun. Komandanı tezliklə hazırlaşdırmaq lazımdır.
- Xaricdə çıxış edən legionerlərimizlə yeni daha güclü milli yaratmaq olar?
- Bəli, xaricdə oyunçularımız çoxdur. Bunlar da millimiz üçün xeyirlidir. Nə qədər legionerimiz çox olsa, millimiz bir o qədər keyfiyyətli olacaq. O futbolçular millidə də özünü göstərməli, fayda verməlidirlər. Onda görəcəyik ki, legioner olmaq fayda verib ya, yox. Yəni, klubunda faydalı olub, millidə faydasız olacaqlarsa, hansısa faydadan danışmaq olmaz. Gərək klublarındakı kimi millidə də fayda versinlər.
Mirbağırağa
saytlarin hazirlanmasi