"Son turda "Tuzlaspor"a səfərdə qalib gəldik. Bu qələbədə pay sahibi olduğum üçün şadam. Hazırda komanda 6-cı pillədədir. "Boluspor"a transfer olduğum vaxtda rəhbərlik və baş məşqçi demişdi ki, əsas hədəf bu mövsüm pley-off mərhələsinə çıxmaqdır. Azarkeşlər oyunlarımıza az gəlirdi, açığı, bizə sanki inanmırdılar. Ancaq “Kocaelispor”la son ev oyununda bütün stadion dolu idi. Azarkeşlərimiz tribunaları doldurmuşdu. Artıq onlar bizə inanırlar".
Bu sözləri Sportal.az saytına açıqlamasında “Boluspor”un futbolçusu Vüsal İsgəndərli deyib.
Türkiyə klubunun azərbaycanlı yarımmüdafiəçisi komandasının yeni mövsüm üçün Superliqaya vəsiqə qazanmaq şanslarını da dəyərləndirib:
"Əlbəttə ki, mövsümün sonunda Superliqaya yüksəlməyimiz mümkündür, niyə də olmasın? Həqiqətən çox yaxşı komandamız var. Baş məşqçimizin istədiklərini yerinə yetirdiyimiz təqdirdə də, nəticə gəlir. Əsas odur ki, çox yaxşı ailə ortamı yaradılıb. Bu da bizi qələbələrə aparır. Mehriban kollektiv olan yerdə, hər şey etmək mümkündür. Addım-addım irəliləyirik".
Mirbağırağa