"Sumqayıt"ın pakistanlı müdafiəçisi İssa Sulliman Sportal.az saytına müsahibə verib.
- "Sumqayıt" son turda evdə "Turan Tovuz"la bərabərə qaldı. Bu görüşdəki bir xal sizi razı saldı?
- Düzünü desəm, bir xal məni və komanda olaraq bizi qane etmir. Biz özümüzə yüksək standartlar qoymuşuq və bundan da yaxşı olduğumuzu göstərmişik. Amma "Turan Tovuz"un da haqqını vermək lazımdır. Yaxşı təşkil olunmuşdular və bizə də çətinliklər yaratdılar. İstənilən halda, hər şey elə də pis deyil. Qol buraxmadığımız növbəti oyun oldu ki, bu cəhətindən razı qala bilərik.
- Samir Abasov oyundan sonra bildirdi ki, komanda udmaq üçün yox, uduzmamaq üçün oynadı. Bunu da, psixoloji yorğunluqla əlaqələndirdi. Həqiqətən psixoloji və ya fiziki yorğunluğunuz var?
- Qısa müddət ərzində bir çox oyunumuz oldu. Ona görə də bəlkə də bu, ona bir qədər təsir etdi. Ancaq bu, mövsümün həqiqətən nə qədər güclü şəkildə bitirmək istədiyinizi göstərmək üçün çox vacib vaxtıdır. Bu mənada, biz yaxşı bərpa olunmalı və qarşıdakı matçlara hazır olmalıyıq.
- "Sumqayıt" hazırda turnir cədvəlində ikinci pillədədir. Sizdən sonrakı pillədə "Neftçi" qərarlaşıb. Onların sizi keçmək təhlükəsini hiss edirsiz?
- Biz özümüzə fokuslanmışıq. Düşünürəm ki, ətrafınızdakıları və hansısa komandanın sizin mövqeyinizi tutub-tutmayacağını fikirləşəndə, təhlükədir. Əminəm ki, əgər biz öz oyunlarımıza diqqət yetirsək, yaxşı vəziyyətdə də davam edə bilərik. Əlbəttə ki, 2-ci mövqedə yer aldığımız üçün xoşbəxtik. Lakin səviyyəmizi və intensivliyimizi artırmasaq, bunu qoruyub saxlamaq çətin olacaq. Çünki liqadakı bütün digər komandalar indi bunu edəcək.
- "Sumqayıt" növbəti turda "Qarabağ"la qarşılaşacaq. Bu komandadan xal və ya xallar almaq mümkündür? "Qarabağ" "Braqa"nı da məğlub etdi. "Qarabağ"dan çəkinirsən?
- Təbii ki, mümkündür. Bəli, son 2 oyunda onlarla matçda ağır məğlubiyyət aldıq. Amma bu, münasibətimizi dəyişmir. Bu oyuna müsbət düşüncələrlə hazırlaşacağıq və əlimizdən gələni edəcəyik.
- Yeri gəlmişkən, "Qarabağ"ın "Braqa"nı səfərdə məğlub etməsi sənin üçün təəccüblü oldu? Səncə, "Qarabağ" Bakıda da "Braqa"nı məğlub edəcək?
- “Qarabağ”ın “Braqa”ya qalib gəlməsi təəccüblü deyildi. “Qarabağ” çox keyfiyyətli futbolçulara malik yaxşı komandadır. İnşallah Bakıda da qalib gələrlər. Çünki bu, Azərbaycan üçün çox yaxşıdır.
- Yeri gəlmişkən, Pakistan və Azərbaycan arasında çox yaxın münasibət var. Bu dövlətlər hər zaman bir-birinə dəstək də göstərib. Bu haqda əvvəldən xəbərin var idi?
- Bəli, mən Azərbaycana gələndə iki ölkə arasında sıx əlaqələr barədə məlumat aldım. Azərbaycanlılardan da yalnız isti münasibət görmüşəm. Pakistanlı olduğumu deyəndə, mağazada, taksidə, hər yerdə, mənə sevgi göstərirlər.
- Pakistan millisinin də üzvüsən. Azərbaycan və Pakistan millilərinin görüşü sənin üçün maraqlı gəlir?
- Bəli, bu iki komandanın oyunu mənim üçün çox maraqlıdır. Amma mən iki komandanın səviyyəsinin fərqli olduğunu düşünürəm. İnanıram ki, bu, bu matç Azərbaycan və Pakistan arasındakı gözəl münasibətləri qeyd etmək üçün əla fürsət olardı. Ümid edək ki, belə bir matç baş tutar.
- Əvvəllər İngiltərə aşağı yaş qruplarından ibarət yığmalarında, "Aston Villa"da oynamısan. İndi isə Azərbaycan Premyer Liqasında çıxış edirsən. Bunu karyeranda eniş hesab edirsən? Səncə, niyə indi İngiltərə Premyer Liqasında deyil, Azərbaycan Premyer Liqasında oynayırsan?
- Hər kəsin fərqli karyera yolları var. Yüksək səviyyədə gənclərdən ibarət komandada oynadığınız üçün Premyer Liqada çıxış etməli olduğunuzu söyləmək və ya düşünmək çox asandır, amma reallıq o qədər də asan deyil. Çox çətindir. Dünyada hər kəs İngiltərə Premyer Liqasında oynamaq istəyir. Amma hər kəsin fərqli maneələr və çətinliklərlə öz karyerası yaranır. Məndən İngiltərə Premyer Liqasında, yoxsa Azərbaycan Premyer Liqasında oynamaq istədiyimi soruşsanız, cavabımı və bu suala hər kəsin cavabını artıq bilirsiniz. Amma burada da futboldan çox həzz alıram və ümid edirəm ki, bunu mövsümün qalan hissəsində davam edəcəm.
- "Sumqayıt"la müqavilən mövsümün sonunda başa çatacaq. Hələ uzun illər bu komandada qalmaq istəyirsən?
- Gələcək haqqında çox da düşünmürəm. Daha əvvəl dediyim kimi, burada keçirdiyim vaxtdan çox zövq alıram. "Sumqayıt" məni çox yaxşı qarşıladı, həm klub, həm də şəhərdəki azarkeşləri nəzərdə tuturam. Mənim diqqətim növbəti 3 ay ərzində komanda üçün hər şeyimi vermək və "Sumqayıt"la xüsusi bir şey əldə etmək üçün çalışmaqdır.
Mirbağırağa
saytlarin hazirlanmasi