Brüs Uillisin baş rolda yer aldığı "Günəşin göz yaşları" filminə yəqin ki, çoxlarınız baxmısız. ABŞ Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı dəstəsi Nigeriyada baş verən çevriliş zamanı həyatı təhlükə altına düşən 70-ə yaxın adamı xilas etməyə çalışır. Onları çox böyük çətinliklə Kamerun sərhədlərinə gətirib çatdırmaq mümkün olur.
Qurban Qurbanovun da Azərbaycan futbolunda missiyası təxminən belədir. O, komandanı olduğu bir qrup xüsusi təyinatlı döyüşçü ilə futbolumuzun xilası uğrunda savaş aparır. "Braqa" ilə oyunda qazanılan nəticə, 120 dəqiqə davam edən qarşıdurma futboldan çox vətən uğrunda döyüşə bənzəyirdi.
Hər şey istədiyimiz kimi gedirdi. Üstünlük "Qarabağ"ın tərəfində idi. Təhlükəli hücumlarımız bir-birini əvəzləyirdi. Amma Elvin Cəfərquliyevin 57-ci dəqiqədə qırmızı vərəqə alması ilə vəziyyət 180 dərəcə dəyişdi. Obrazlı desək, bir anın içində qovan tərəfdən qaçan tərəfə çevrilmək məcburiyyətində qaldıq. Qapımızda 2 qol gördük, yaxşı ki, oyunu əlavə vaxta daşımaq mümkün oldu.
Belə bir cətin durumda Qurban Qurbanovun nəhəng avrokubok təcrübəsi də köməyimiz oldu. Hər iki qolumuzu meydana sonradan daxil olan futbolçular vurdu. Mateus Silvanın qolu bizi mübarizədə saxladı, gənc Nərimanın qolu isə bizə həyat verdi, növbəti mərhələ bəxş etdi. Axundzadənin vurduğu qolda simvolikə həm də ondadır ki, qrupdan çıxmaq yolunda əhəmiyyətli "Mölde" ilə səfər görüşünün sonlarında Elvin Cəfərquliyev ötürmə verib, Bəhlul Mustafazadə qol vurmuşdu. Bu dəfə isə Bədavinin pasını Nəriman qola çevirdi. Sevindiricidir ki, bizimkilər yenə səhnəyə çıxdı.
Avroliqada 1/8 finala çıxdıq. Tarixi an, təsirli hadisə idi. "Qarabağ"ın "Braqa"ya qarşı bu cür mübarizə aparması sanki 052-nin Şuşa uğrunda döyüşlərini xatırlatdı bizə. Əlbəyaxa, yalın əllə Şuşa kimi alınmaz qalanı fəth etmək hərb nəzəriyyəsində unikal hadisələrdən biri idisə, "Qarabağ"ın özündən qat-qat güclü rəqibə qarşı 1 saatdan çox azlıqda oynayaraq mərhələ adlaması futbolda nadir hadisələrdən sayılır.
Qurban Qurbanov göz yaşlarını saxlaya bilmədi. Ədalətin təntənəsi, illərboyu çəkilən əziyyətin bəhrəsi idi. Qurban Qurbanovun ən yaxın silahdaşı Elçin Rəhmanovu bərk-bərk qucaqlayıb hisslərini bölüşməsi də həmin tarixi anı əks etdirən gözəl şəkil oldu.
Həmid
saytlarin hazirlanmasi