"Ağır oyun olacağını gözləyirdik. İstəyimiz ən azından bir xal qazanmaq idi. Qələbə bizim üçün çox sevindirici oldu. Komanda bütün gücünü qoydu. Çox sevincliyik".
Sportal.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Adil Şükürov Premyer Liqanın 24-cü turunun "Qəbələ" ilə (2:1) oyundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.
- Artıq minimum hədəfə çatdığınızı demək olar?
- Hələ çox tezdir. Qarşıda ağır oyunlar var. Bu gün udduq, amma o demək deyil ki, işimizi həll etdik. Yerimizi daha da möhkəmləndirməliyik.
- Komandanın potensialı nəyə qadirdir?
- Bizdən öndə olan komandalarla xal fərqini azaltmağa çalışacağıq. Amma əsas hədəfimiz Premyer Liqada qalmaqdır.
- Avrokuboklar uğrunda mübarizə apan komandalar "Kəpəz"ə 3 xal kimi baxacaq. Bu, sizə mane olmayacaq?
- Digər komandaların bizdən gözləntiləri nədir, bilmirəm. Bizim öz hədəfimiz var. Premyer Liqada qalmağı təmin edəndən sonra bizdən öncə gedən rəqiblərə çatmağa çalışacağıq. Digər komandaların "Kəpəz"lə oyuna 3 xal üçün çıxmaqları bizim üçün üstünlükdür. Gəlsinlər, onları qarşılayacağıq.
- Bu oyuna görə xüsusi mükafat olacaq?
- Mükafatla bağlı heç nə danışmırıq. Futbolçuların düşüncəsi belə olmalıdır ki, komanda uduzmasın. Bundan sonra mükafatla bağlı qərarı rəhbərlik verir. Bizim üçün ən vacibi yaxşı oyun göstərməkdir.
- Giorgi Papunaşvilinin komandanın lideri olduğunu demək olar?
- Tək Papunaşvili yox, ehtiyatda olan Turalı, Vurğunu da qeyd edərdim. Biz kollektiv formalaşdırırıq. Hər kəsin istəyi odur ki, komanda qalib gəlsin. Futbolçulardan əlavə, bu, həm də şəhərin istəyidir.
Elçin Əlixan
saytlarin hazirlanmasi