Elçin Rəhmanovun qovulması, Bəhlul Mustafazadənin meydanda qalması REPLİKA

22:49 - 23 Fevral 2024

"Braqa" ilə oyunda baş hakim Georgi Kabakovun idarəçiliyi "Qarabağ"ın üzvlərini də, azarkeşləri də hövsələdən çıxarmışdı. Emosiyalar tarıma çəkilmişdi. Hətta Qurban Qurbanov kimi səbrli adam da etirazını sərt formada deməkdən saxlaya bilmədi özünü. 

Aranın qarışmasına səbəb görüşün 57-ci dəqiqəsində Elvin Cəfərquliyevin qırmızı vərəqə alması oldu. Əslində, futbolçumuz həqiqətən sərt oynamışdı, ikinci sarı vərəqə də haqlı qərar idi. Amma buna qədər baş verənlərə də nəzər salmaq lazımdır. 

Qaydalar hər yerdə eyni olsa da, hakimlərin oyun idarə etmək tərzi çempionatlara, hakimlərə görə dəyişir. Məsələn, İngiltərədə daha sərt oyuna imkan verirlər, başqa bir çempionatda yox. Dünən də start fitindən etibarən bolqar hakim sərt oyuna imkan yaradır, matçın tempini yüksək saxlamağa çalışırdı. Futbolçular da Georgi Kabakovun diqtə etdiyi şərtlərə uyğunlaşaraq mübarizə aparırdılar.

Belə bir şəraitdə Elvin Cəfərquliyevə göstərilən ilk sarı vərəqə ağır qərar oldu. Künc bayrağının yaxınlığında Elvinin inersiya ilə rəqibə toxunmağı qayda pozuntusu olsa da, vərəqəlik epizod deyildi. Ən azı ona görə ki, hakim bu ana qədər sərt oynamağa imkan verirdi, belə vərəqələr göstərmirdi. Narazılıqlar fonunda hakimin verdiyi sonrakı qərarların birində məşqçilər korpusumuzun üzvləri də əsəblərini cilovlaya bilmədilər. Heç vaxt əsəbləşdiyini görmədiyimiz Elçin Rəhmanov da hakimin üzərinə şığıdı. Etirazı o qədər kəskin oldu ki, hakim Rəhmanovu da meydandan qovaraq tribunaya göndərdi. 

Nə qədər qəribə səslənsə də, bu qırmızı vərəqə işimizə yaradı. Narazılıqların pik həddə çatdığını, "Qarabağ"da hamının dilə gəldiyini görən baş hakim kritik epizodların birində balansı qorumaq məcburiyyətində qaldı. Bu, Bəhlul Mustafazadənin qaydanı pozduğu penalti epizodu idi. Bolqar hakim barıtı artıq edib qırmızı vərəqə göstərə bilərdi. Çünki Bəhlul topa oynamırdı, rəqibi açıq-aşkar tutub saxlamaq qaydalara görə qırmızı vərəqə kimi də dəyərləndirilə bilər. Lakin buna qədər Elvin Cəfərquliyevə və Elçin Rəhmanova qırmızı vərəqə göstərən referi 50/50-yə olan epizodda daha bir qırmızı vərəqə verməyə ürək eləmədi. 

Bilirik ki, Qurban Qurbanov da, Elçin Rəhmanov da yüksək mədəniyyət sahibləri, səbrli adamlardı. Amma futbolda bəzən sərt üzünü də göstərməlisən, haqqını tələb etməlisən. Elçin Rəhmanovun bu etirazı, aldığı qırmızı vərəqə bəlkə də Bəhlulun meydandan qovulmasının qabağını aldı. 

Həmid

Xəbər xətti