Azərbaycanlı futbol mütəxəssisi Bəxtiyar Musayev Sportal.az saytına müsahibə verib. O, Ağdam klubunun Avropa Liqasındakı performansını və "Bayer"ə qarşı keçiriləcək 1/8 final mərhələsinin oyunlarından gözləntilərini bölüşüb.
- "Qarabağ" "Braqa" səddini keçməyi bacardı. İlk oyundan sonra inam böyük idi, yoxsa yenə də çətin olacağını ehtimal edirdin?
- "Qarabağ"ı təbrik edirəm, bizə, futbol ictimaiyyətinə, xalqımıza bu cür anları yaşatdığına görə təşəkkürümü bildirirəm. İlk oyundan sonra da demişdim ki, hesab 4:2 olsa da, rəqib təhlükəli olaraq qalır. Əsasən də, hücum bölgəsində olan oyunçuları belədir. Onlar kreativ futbolçulardır, ustalıq səviyyəsi yüksəkdir. Oyundan öncə "Braqa"nın futbolçularını isinmə hərəkətlərinə baxırdım və necə dəqiq zərbələr vurduğunun şahidi olmuşdum. Çətin olacağını düşünürdüm. Şükürlər olsun, sonda istədiyimiz nəticə oldu, üzümüz güldü.
- Sizcə, bu qədər drammatik və gərgin keçməsinin səbəbi nə idi, meydanda 10 nəfərlə qalmağımız? Yəqin ki, 11 11-ə olsaydı, "Qarabağ" məsələni 90 dəqiqəyə həll edəcəkdi?
- "Braqa"nın usta futbolçuları olsa da, komandamız ilk hissəni çox yaxşı keçirdi, üstün tərəf biz idik. Müəyyən qol epizodları da yaratdıq, rəqibin təhlükəli epizod yaratmasına imkan vermirdik. Hakim Elvin Cəfərquliyevə qırmızı vərəqə göstərdikdən sonra çox şey dəyişdi. Onsuzda, "Braqa" güclüdür, onlara qarşı 10 nəfərlə oynamaq asan deyildi. Rəqib təzyiq göstərdi. Hətta qollar vurdular, əlavə dəqiqələrə də daşıdılar. Qırmızı vərəqə olmasaydı, tam fərqli ikinci hissə izləyərdik, bu cür drammatik hadisələrin şahidi olmayacaqdıq.
- Baş hakimin "Qarabağ"a qarşı qərəzli olduğunu düşünürsüz, yoxsa verilən qərarlar doğru idi?
- Hakim ilk hissədə çox yaxşı oyun idarə edirdi, oyunu tempdən düşməyə imkan vermirdi, yersiz fit çalmırdı, mübarizəyə yol açmışdı. Ancaq sərt mübarizəyə imkan yaradan hakim ikinci hissədə 4-5 dəqiqəyə Elvinə iki sarı vərəqə göstərdi. Mənim üçün gözlənilməz oldu. Stadiondan canlə izləyirdim. Amma oyunun icmalına baxanda gördüm ki, Elvin ikinci sarı vərəqə epizodunda kobudluq var idi. İlk epizodda isə ona çox ucuz vərəqə verildi. Oyunun mərkəzində gedən mübarizəyə görə ikinci sarı vərəqə vermək ağır oldu. Belə oyunlarda bu cür qərar vermək yalnışdı. Çünki əməlli-başlı komandanın oyununa təsir edir. Təəssüf ki, qərarı belə oldu. Halbuki, qərarını düzgün hesab etmirəm. Nəticəyə də böyük təsir etdi.
- 10 nəfərlə iki qol vurmaq, əlavə dəqiqələri qalib başa vurmaq. "Qarabağ"ın bu cür xarakter göstərməsini nə ilə əlaqələndirirsiz?
- 10 nəfərlə qalsalar da, ruhdan düşmür. "Qarabağ" dünyada nadir komandalardan birincisidir ki, heç vaxt hesaba baxmır. Böyük hesabla irəlidə olsalar da, məğlub duruma düşsələr də, əvvəldən sona qədər intizamlı şəkildə mübarizə aparırlar. Ona görə də, "Qarabağ"ın bu cür əzmkar oyunu təəccüblü olmadı. Bir məqam məni təəccübləndirdi ki, 57-ci dəqiqədən 10 nəfərlə mübarizə aparan "Qarabağ" fiziki sarıdan rəqibdən geri qalmadı. Bizim çempionatda oyunların səviyyəsi Portuqaliyadakı kimi yüksək tempdə keçmir. Oyunlarımıza baxıram, bəzən hər iki komanda meydanda gəzişir, temp yüksək olmur, hakimlər də bərbad idarəçiliklə oyunun tempini aşağı salırlar. Amma bu çempionatdan çıxmış "Qarabağ" 10 nəfərlə əlavə vaxta qədər aslanlar kimi mübarizə apardı. Fiziki cəhətdən "Braqa"dan geri qalmadı. Əzmkarlıq baxımından isə "Qarabağ"a şübhəm yox idi. Onlar nadir komandalardandır ki, heç vaxt oyunun intizamını pozmur, hesaba baxmır, əvvəldən sona qədər eyni tempdə mübarizə aparır.
- Nəriman Axundzadə Braqada vura bilməsə də, Bakıdakı matçda həlledici qoolu vurdu. Bu yəqin ki, futbolun ironiyası idi.. Bu barədə fikrin necədir?
- Bəli, Nərimanın "Braqa" ilə matçda həlledici qolu vurması futbolun ironiyasıdır. İlk oyundan sonra onu çox insan tənqid edirdi. Hətta ikinci matçda Qurban Qurbanov onu meydana daxil edəndə, azarkeşləri eşidirdim, tərəddüdlə yanaşırdılar. Deyirdilər ki, Nəriman niyə oyuna daxil olur? Təbii ki, hər azarkeşə də cavab vermək olmur. Şükürlər olsun ki, gənc futbolçumuz tapşırığın öhdəsindən layiqincə gəldi. İlk oyundan sonra ruhdan düşmədi, özündə güc tapıb "Braqa" ilə oyunun qəhrəmanlarından biri oldu. Azərbaycanlı oyunçunun son nöqtəni qoyması məni ikiqat sevindirdi. Nəriman çox gəncdir, bəyəndiyim, çox yüksək keyfiyyətlərə malik oyunçudur. Öz üzərində işləsə, böyük uğurlar əldə edə bilər.
- Növbəti mərhələdəki rəqibimiz bəlli oldu. Yenidən “Bayer”lə qarşılaşacağıq. Bu haqda fikrin necədir? Şans var?
- Bəxtimizə ən mənasız rəqib düşdü. Mənasız ona görə deyirəm ki, bu yaxınlarda onlarla oynamışıq, çox güclü komandadır. "Bayer"dənsə, "Liverpul", "Vest Hem" və "Atalanta"nın düşməsini istəyərdim. "Bayer"in düşməsini isə heç istəməzdim. Onları görmüşdük. İstəyərdim ki, azarkeşlərimiz başqa nəhəng komandanı Azərbaycanda görərdi. Təəssüf ki, "Bayer" düşdü. Böyük futbol ölkəsi deyilik, amma "Qarabağ" bu cür sevinclər yaşadır bizə. Bakıya daha böyük klubları gətirir. Münasib rəqiblərdən biri düşərdi, bəlkə mərhələ adlamaq şansımız daha çox olardı. Onlardan biri düşsəydi, bunu bu qədər mənasız adlandırmazdım. "Bayer" səddini adlamaq çox çətin olacaq. Onların gücünü gördük. Meydanda necə dominantlıq etdiklərini görmüşük. "Bavariya" kimi güclü rəqibi taxtdan salıb. Əminəm ki, onlar Almaniya Bundesliqasının çempionu olacaq. Şansımız çox azdır. Amma yenə də, "Qarabağ"a uğurlar arzulayıram. "Qarabağ"ın ifasında hər dəfə möcüzələr görürük. Allah qoysa, komandamız bu dəfə bizi yaxşı mənada, daha böyük möcüzə ilə təəccübləndirər. "Qarabağ" "Bayer" səddini də keçsə, daha deyiləsi söz olmayacaq. Amma bu anlara görə də komandamıza təşəkkürlər edirəm. Hər halda, çempionumuz ən güclü 16 komanda arasındadır.
Mirbağırağa
saytlarin hazirlanmasi